Türkiyə silahlı pilotsuz uçuş aparatları, kosmik texnologiyalar, hava hücumundan müdafiə sistemləri və dron təhdidləri ilə mübarizə kimi sahələrdə yüksək inkişafa malik dövlətə çevrilib. NATO qüvvələri artıq bizim məhsullarımızdan uğurla istifadə edir. Türkiyənin müdafiə sənayesi NATO-nun ehtiyac duyduğu sənaye transformasiyasının hərəkətverici qüvvələrindən biri olmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri NATO-nun 36-cı sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxış edən Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün səsləndirib.
NATO-nun müdafiə istehsal potensialını artırmaqla bağlı qərarlarına diqqət çəkən Haluk Görgün Müdafiə İstehsalı Fəaliyyət Planının Vilnüs Zirvəsində elan edildiyini, Vaşinqton Zirvəsində isə Sənaye Potensialının Genişləndirilməsinə dair Öhdəlikləilə bağlı razılığa gəlindiyini xatırladıb.
"Son üç ildə dünyanın demək olar ki, hər bölgəsində baş verən ciddi böhranlar, müharibələr və təhlükəsizlik təhdidləri müdafiə arxitekturasını dəyişdirir. Bugünkü forum da bu çağırışlar fonunda keçirilir. Bizim çox az vaxtımız var, sənaye potensialımızı gücləndirməliyik. Heç bir ölkə bu yükü təkbaşına daşıya bilməz", - deyə o qeyd edib.
Müdafiə Sənayesi Komitəsinin sədri əmin olduğunu bildirib ki, NATO-nun məqsədləri yalnız Alyans üzvlərinin birlikdə hərəkət etməsi halında reallaşacaq.