Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak üçün Türkiyəyə rəsmi səfərə gələn ABŞ Prezidenti Donald Trampı Ankara Hava Limanında qarşılayıb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, iki lider qısa müddət ayaqüstü söhbət ediblər:
"Prezident Ərdoğan Ağ Ev rəhbərini təyyarənin trapında qarşılayıb. Liderlər əvvəlcə bir-birlərini salamlayıb, daha sonra bir müddət söhbət ediblər".
Məlumata görə, bu zaman Donald Trampın “Bu təyyarənin ilk beynəlxalq uçuşudur. Tamamilə yeni təyyarədir”, – dediyi eşidilib.
Liderlərin daha sonra Beştəpədə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirəcəyi planlaşdırılır.
xxx
14:53
NATO Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə yollanan ABŞ Prezidenti Donald Trampı və onun nümayəndə heyətini daşıyan “Air Force One” təyyəsi Ankaraya çatıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Ağ Ev rəhbərinin bir sıra dünya liderləri ilə, o cümlədən Türkiyə Prezident Rəcəb Tayyip Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər keçirəcəyi gözlənilir.
Türkiyə mediasının yazdığına görə, ABŞ Prezidenti Donald Trampın NATO Sammiti ilə əlaqədar səfər etdiyi Ankarada qalacağı hoteldə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Bildirilir ki, Trampın yerləşəcəyi otağın pəncərələri gülləkeçirməzdir, divarları isə partlayışlara davamlı konstruksiya ilə möhkəmləndirilib.
Trampın ictimaiyyət arasında "The Beast" ("Canavar") kimi tanınan xidməti avtomobili sammitdən bir gün əvvəl Ankaraya gətirilmişdi. Avtomobil son olaraq paytaxtdakı yanacaqdoldurma məntəqələrindən birində görüntülənmişdi.
xxx
12:06
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində iştirak etmək üçün ABŞ-nin Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından (Joint Base Andrews) “Air Force One” prezident təyyarəsi ilə Ankaraya yola düşüb.
Türkiyə mətbuatının yazdığına görə, Ağ Ev rəhbərinin NATO-nun 36-cı Zirvə toplantısı çərçivəsində bir sıra görüşlər keçirməsi də planlaşdırılır.
Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident Kompleksində (Beştəpə) mühüm görüş keçirəcək. Səfərlə bağlı məlumat verən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib ki, Ərdoğan–Tramp görüşündə Türkiyə-ABŞ münasibətləri hərtərəfli nəzərdən keçiriləcək.
Görüşdə əsas müzakirə mövzuları sırasında milli döyüş təyyarəsi KAAN üçün nəzərdə tutulan F-110 mühərriklərinin Türkiyəyə satışı, Ankaranın F-35 proqramına qayıdışı, eləcə də Suriya və Qəzzada son vəziyyət də daxil olmaqla bir sıra regional və ikitərəfli məsələlər yer alacaq.