Azərbaycan qlobal iqtisadi layihələrin qurucusu və fəal iştirakçısıdır

Azərbaycanın ikinci müstəqilik tarixi həm siyasi, həm də iqtisadi baxımdan çətin mərhələlərdən keçib. Ölkəmizin dövlət müstəqilliyi elan olunduğu dövrdə daxili və xarici durumu elə vəziyyətdə idi ki, xalqımızın haqqı olan istiqlalı qoruyub saxlamaq, eləcə də inkişaf və tərəqqimiz çoxlarında şübhə doğururdu. Arxada qalan illər çətin və ağır dirçəliş dövrü olsa da, bugünkü reallığa nəzər yetirdikdə dövlətimizin hansı zirvələri fəth etməsi ilə yalnız qürur duymaq olar. Heç şübhəsiz, indiki uğurun, strategiyanın təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, inkişaf və yüksəliş xəttini isə Prezident İlham Əliyev müəyyənləşdirdi. Prezident İlham Əliyevin mükəmməlcəsinə formalaşdırdığı xarici-iqtisadi siyasət kursu bu gün ölkəmizi regional liderlikdən qlobal arenanın aktiv oyunçusuna çevirib.

Bakıda bir çox beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi bunun təsdiqidir. Bu baxımdan Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün paytaxtımızda keçirilməsi olduqca xüsusi əhəmiyyət kəsb edirdi.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib.

Milli Məclisin deputatı əvvəlcə onu vurğulayıb ki, Azərbaycan güclü iqtisadiyyata malik ölkədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu da respublikamıza müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Bununla yanaşı, statistik məlumatlara görə, ölkəmizin 20 il ərzində ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfə, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Şübhəsiz ki, inkişaf etmiş ölkələrlə müqayisədə bu, böyük göstəricilərdir. Əlverişli investisiya mühitinin yaradılması, iqtisadi dayanıqlığın təmin olunması, beynəlxalq miqyasda respublikamıza nüfuz gətirərək Azərbaycanı dünyada cəlbedici və etibarlı ölkə kimi tanıdıb. Digər tərəfdən, nəqliyyat-kommunikasiya ilə bağlı ölkəmizin həyata keçirdiyi layihələr də təqdirəlayiqdir. Respublikamız təkcə qonşu dövlətlərlə deyil, dünya ilə bu istiqamətdə fəal işgüzar əlaqələr yaradır, sağlam əməkdaşlığı təşviq edir. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa da böyük önəm verir.

Rəşad Mahmudovun sözlərinə görə, çoxəsrlik tarixi və mədəni əlaqələr Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə iqtisadi layihələrin reallaşmasına geniş imkanlar yaradır. Qədim İpək yolu üzrə uzanan ənənəvi Şərq-Qərb dəhlizi Mərkəzi Asiyadan gələn yüklərin daşınması üçün ideal platformadır və dünya iqtisadiyyatının nəhənglərindən olan Çin də Avropa bazarlarına çıxış üçün bu marşrutdan əbəs yerə istifadə etmir.

Məhz bu aspektdə qlobal iqtisadi layihələrin qurucusu və fəal iştirakçısı olan Azərbaycanın BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə evsahibliyi etməsi, ardınca proqramın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün Bakıda keçirilməsi ölkəmizin və Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun göstəricisi kimi əlamətdar hadisəyə çevrildi. Əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsi kimi mühum yanaşmalar bu dəfə Bakıda müzakirə olundu.

Sonda deputat qeyd edib ki, bu tədbir Azərbaycanın beynəlxalq müstəvidə ciddi aktora çevrilməsinin təsdiqi olmaqla yanaşı, həm də ölkəmizin dünya siyasi gücləri tərəfindən söz sahibi olaraq qəbul olunmasının örnəyi sayıla bilər. Bütün bunlar isə Prezident İlham Əliyevin Azərbaycanı inkişaf və yüksəlişə aparan mükəmməl siyasətinin nəticəsidir.