2025-ci il mayın 12-dən - PKK terror qruplaşmasının Şimali İraqda silahlarının bir hissəsini nümayişkaranə şəkildə yandırandan bəri qanlı təşkilatın 219 yaraqlısı könüllü olaraq Türkiyə hüquq-mühafizə orqanlarına və hərbi qüvvələrinə təslim olub. Bu ilin əvvəlindən bəri 134 terrorçu silahını yerə qoyub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi “CNN Türk” telekanalının efirində bildirib.
Daxili işlər nazirinin sözlərinə görə, vaxtilə çoxsaylı antiterror əməliyyatlarının keçirildiyi Cənubi və Cənub-Şərqi Anadoluda “Terrorsuz Türkiyə” təşəbbüsünün irəliləməsi sayəsində 2026-cı ilin yanvar ayından bəri 2763 nəzarət məntəqəsi ləğv edilib.
“Bütün bunlar bölgədəki vəziyyətin normallaşmasının göstəricisidir. Artıq fövqəladə vəziyyət rejimi tədbirlərinə ehtiyac yoxdur”, - deyə nazir qeyd edib və dövlətin cinayətkarlıqla mübarizə məsələsində ayıq-sayıq olduğunu vurğulayıb.
M.Çiftçi qeyd edib ki, xarici və daxili amillər PKK probleminin tam həllinə kömək edir.
“Bu uzun müddət davam edən problemin həlli üçün möhkəm siyasi iradə və aydın fəaliyyət planı mövcuddur. Müvafiq qanun layihəsi Türkiyə parlamentinin gündəliyindədir. Bu prosesin tez və uğurlu şəkildə başa çatmasına ürəkdən ümid edirik”, - deyə nazir bildirib.