Ekspert: Azərbaycan və Türkiyə arasında bağlantı infrastrukturunun inkişafı Avrasiyanın gələcəyini müəyyənləşdirən əsas amillərdəndir

Türkiyə və Azərbaycan arasında mövcud olan strateji müttəfiqlik münasibətləri təkcə siyasi və hərbi sahədə deyil, həm də nəqliyyat, logistika, enerji və iqtisadi əməkdaşlıq istiqamətlərində yeni mərhələyə qədəm qoyub. Son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri iki qardaş ölkəni Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən birinə çevirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert və jurnalist Mustafa Söğüt səsləndirib.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqları dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə ən yaxın olan iki xalqdır. Bu yaxınlıq ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, dövlətlərarası münasibətlərin də möhkəm təməlini formalaşdırır: “Azərbaycan ilə Türkiyə arasında münasibətlər klassik diplomatik əməkdaşlıq çərçivəsini çoxdan geridə qoyub. Bu gün iki dövlət regional və qlobal layihələrdə bir-birini tamamlayan strateji tərəfdaş kimi çıxış edir. Xalqlarımız arasında olan qarşılıqlı etimad və həmrəylik bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır”.

Mustafa Söğüt qeyd edib ki, hazırda hər iki ölkə nəqliyyat və kommunikasiya bağlantılarının genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Son dövrlərdə baş verən geosiyasi proseslər Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqenin əhəmiyyətini daha da artırıb: “Etiraf etməliyik ki, coğrafi mövqeyimizin əhəmiyyətinin bu qədər sürətlə artacağını əvvəlcədən tam proqnozlaşdırmaq mümkün deyildi. Dünyada dəyişən iqtisadi və siyasi reallıqlar yeni nəqliyyat marşrutlarına tələbatı artırıb. Bu baxımdan Azərbaycan və Türkiyə üzərindən keçən tranzit dəhlizləri qlobal ticarətin mühüm elementinə çevrilir. Məhz buna görə də, bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində intensiv iş aparılır. Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində qonşu dövlətlərlə qurduğu qarşılıqlı etimada əsaslanan münasibətlər ölkənin beynəlxalq logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir”.

Ekspert hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz, enerji və nəqliyyat layihələri təkcə Azərbaycan və Türkiyənin deyil, bütövlükdə Avrasiyanın iqtisadi inkişafına xidmət edir. Bu layihələr yükdaşımaların daha təhlükəsiz, sürətli və səmərəli həyata keçirilməsinə imkan yaratmaqla yanaşı, region ölkələri arasında iqtisadi inteqrasiyanı da gücləndirir. Hazırkı beynəlxalq şəraitdə etibarlı tərəfdaşlara və sabit tranzit marşrutlarına ehtiyac daha da artıb. Azərbaycanın uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imici ölkəyə beynəlxalq marağı artırır, Türkiyə ilə koordinasiyalı fəaliyyət isə bu üstünlüyü daha da gücləndirir. Bu gün Azərbaycan və Türkiyə yalnız öz milli maraqlarını təmin edən ölkələr deyil. Onlar, eyni zamanda, regionda sabitliyin, iqtisadi əməkdaşlığın və qarşılıqlı faydalı tərəfdaşlığın təşviqinə mühüm töhfə verir. Hər iki ölkənin həyata keçirdiyi strateji layihələr Avropa ilə Asiya arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir”.

O qeyd edib ki, gələcək dövrdə rəqəmsal infrastrukturun inkişafı, logistika imkanlarının genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və nəqliyyat dəhlizlərinin modernləşdirilməsi Azərbaycan-Türkiyə əməkdaşlığını yeni səviyyəyə yüksəldəcək: “Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində formalaşan strateji əməkdaşlıq modeli bu gün bütün region üçün uğurlu nümunə hesab olunur və qarşıdakı illərdə də iki qardaş ölkənin birgə həyata keçirdiyi layihələr Avrasiyanın iqtisadi xəritəsinin formalaşmasında mühüm rol oynayacaq”.