Süni intellektlə bağlı ən vacib məsələlərdən biri insanların nəyin həqiqi, nəyin isə saxta olduğunu ayırd edə bilməsidir. Bu gün bunu xüsusilə videolarda və deepfake texnologiyalarında görürük. Eyni hal səs yazılarında da müşahidə olunur. Yəni, bundan müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu sosial media üzrə təlimçi və tədqiqatçı Karen Sazerlend iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
O, süni intellektin şübhəsiz ki, böyük üstünlüklər təqdim etdiyini bildirib: "Süni intellekt insanları təkrarlanan işlərdən azad edə, əvvəllər mümkün olmayan həcmdə məlumatı təhlil edə və bir çox sahədə müsbət nəticələr əldə etməyə kömək edə bilər. Lakin bunun qaranlıq tərəfi də var. Eyni imkanlardan dələduzluq məqsədilə istifadə edənlər də mövcuddur və bu, ciddi problemdir. Təşkilatlar daxilində bunun qarşısını almaq üçün çox iş görmək mümkündür".