AZƏRTAC və İtaliyanın ADN agentliyi əməkdaşlığı genişləndirir

IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 14-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İtaliyanın Adnkronos İnformasiya Agentliyi (ADN) arasında əməkdaşlıq və xəbər mübadiləsinə dair yeni müqavilə imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və Adnkronos İnformasiya Agentliyinin baş icraçı direktoru Angela Antonini imzalayıblar.

Müqavilənin məqsədi iki agentlik arasında xəbər mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və birgə media layihələrinin həyata keçirilməsidir.

Sənədə əsasən, tərəflər ingilis, ərəb və razılaşdırılmış digər dillərdə xəbərlərin, foto və videomaterialların mövcud texnoloji vasitələrdən istifadə etməklə ödənişsiz mübadiləsini həyata keçirəcəklər. Tərəflər, eyni zamanda, süni intellekt də daxil olmaqla, yeni media texnologiyaları sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Müqaviləyə əsasən, AZƏRTAC və Adnkronos fotosərgilər, videoreportajlar, onlayn seminarlar və medianın inkişafına yönəlmiş digər birgə informasiya layihələri həyata keçirə, həmçinin tərəflərdən birinin ölkəsində təşkil olunan tədbirlərin işıqlandırılması zamanı qarşılıqlı dəstək göstərə biləcəklər.