Rumıniya nəşri Türkiyənin Avropanın enerji təhlükəsizliyində artan rolunu təhlil edir

Rumıniyanın “Karadeniz Press” nəşrində dərc olunan analitik məqalədə Türkiyənin Avropa enerji bazarında artan rolu və bunun regional enerji təhlükəsizliyinə mümkün təsirləri təhlil olunur. Məqalənin müəllifi Kosmin Păkuraru hesab edir ki, Ankara son illərdə həyata keçirilən iri enerji layihələri sayəsində Avropa ilə Xəzər və Yaxın Şərq regionları arasında əsas enerji qovşaqlarından birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, məqalədə “Türk axını” (TurkStream) və “Mavi axın” (Blue Stream) qaz kəmərlərinin Rusiyanın təbii qazını Türkiyə vasitəsilə Avropaya nəql etdiyi qeyd olunur. Bununla yanaşı, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çatdırır. Müəllif vurğulayır ki, TANAP regionun enerji mənbələrinin şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan azsaylı qeyri-Rusiya marşrutlarından biridir.

“Karadeniz Press” yazır ki, Türkiyə həm Rusiya, həm də Azərbaycan qazının Avropaya tranzitində mühüm rol oynayır. Bu amil Ankaranın regional geosiyasi mövqeyini gücləndirir və onu Avropanın enerji təhlükəsizliyi üçün vacib tərəfdaşlardan birinə çevirir.

Məqalədə Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti ayrıca qeyd olunur. Bildirilir ki, Cənub Qaz Dəhlizi və TANAP layihələri Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi strategiyasında mühüm yer tutur və Azərbaycan qazının Avropa bazarına sabit şəkildə çatdırılmasına imkan yaradır.

Müəllifin qənaətinə görə, Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün qaz mənbələrinin və nəqli marşrutlarının daha da şaxələndirilməsi vacibdir. Bu baxımdan Azərbaycan və Cənub Qaz Dəhlizi gələcəkdə də Avropanın enerji təminatında strateji əhəmiyyətini qoruyacaq.