Diaspor nümayəndəsi: Azərbaycanlılar Slovakiyanın ictimai-iqtisadi inkişafına töhfə verirlər

Azərbaycan və Slovakiya arasında münasibətlər son illərdə ardıcıl və dinamik inkişaf mərhələsinə qədəm qoyub. Diplomatik əlaqələr 1993-cü ildə qurulsa da, Azərbaycanın Slovakiyadakı səfirliyi 2023-cü ildə fəaliyyətə başlayıb. Səfirliyin açılması iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən hadisə oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Slovakiyada fəaliyyət göstərən IT meneceri, sahibkar və “Slovakiya Azərbaycan Diasporu” qeyri-hökumət təşkilatının qurucusu Tural Həsənli deyib.

Onun sözlərinə görə, son illərdə qarşılıqlı yüksəksəviyyəli səfərlər münasibətlərin inkişafına ciddi təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri, həmçinin Slovakiyanın Baş naziri Robert Ficonun və digər yüksəkvəzifəli dövlət nümayəndələrinin Azərbaycana səfərləri iki ölkənin əməkdaşlığın dərinləşdirilməsinə verdiyi önəmi aydın nümayiş etdirir. Xüsusilə 2024-cü ildə Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

“Slovakiyada Azərbaycana marağın artması təkcə dövlətlərarası münasibətlərdə deyil, həm də cəmiyyətlərarası əlaqələrdə özünü göstərir. Bunun əsas səbəblərindən biri Azərbaycanın enerji sahəsində Avropa üçün etibarlı tərəfdaş kimi mövqeyinin getdikcə möhkəmlənməsi, həmçinin iqtisadiyyat, nəqliyyat, rəqəmsallaşma və investisiya sahələrində əməkdaşlığın genişlənməsidir. Enerji sahəsi Azərbaycan-Slovakiya münasibətlərinin əsas istiqamətlərindən biridir və hesab edirəm ki, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Slovakiyada yaşayan azərbaycanlıların sayı böyük olmasa da, icmamız fəal, təşkilatlanmış və Slovakiya cəmiyyətinə uğurla inteqrasiya olunmuş diasporlardan biridir. Həmvətənlərimiz müxtəlif sahələrdə – tibb, mühəndislik, informasiya texnologiyaları, elm, təhsil və sahibkarlıq istiqamətlərində fəaliyyət göstərirlər. Onlar bir tərəfdən Slovakiyanın ictimai-iqtisadi inkişafına töhfə verir, digər tərəfdən isə Azərbaycanı layiqincə təmsil edərək ölkəmiz haqqında müsbət ictimai rəyin formalaşmasına xidmət edirlər”, - deyə diaspor nümayəndəsi əlavə edib.

Azərbaycanın Slovakiyada tanıdılması istiqamətində həyata keçirilən mədəni-humanitar layihələr barədə danışan T.Həsənov deyib ki, bu kimi fəaliyyətlər xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir. Bu xüsusda səfirlik və diaspor təşkilatları tərəfindən Azərbaycanın mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir. Novruz bayramı, milli bayramlar, mədəniyyət gecələri, təqdimatlar və digər layihələr vasitəsilə Slovakiya ictimaiyyətinin Azərbaycan haqqında məlumatlılığının artırılmasına xüsusi diqqət yetirilir.

“Bu yaxınlaşma müxtəlif sahələrdə, o cümlədən idman, nəqliyyat və humanitar əməkdaşlıq istiqamətlərində də özünü göstərir. 2026-cı ildə Slovakiyada keçirilən Avropa minifutbol çempionatında Azərbaycan millisinin çempion olması ölkəmiz üçün böyük idman uğuru olmaqla yanaşı, Slovakiyada Azərbaycanın tanıdılması və ölkəmiz haqqında müsbət ictimai rəyin formalaşması baxımından da əlamətdar hadisə idi. Bununla yanaşı, Bratislava–Bakı marşrutu üzrə birbaşa uçuşlara başlaması iki ölkə arasında insanların hərəkətliliyini artıracaq, turizm, biznes və mədəni əlaqələrin inkişafına yeni imkanlar yaradacaq. Birbaşa hava əlaqəsinin yaradılması həm Slovakiyadan Azərbaycana gələn turistlər, həm də Azərbaycandan Slovakiyaya səfər edən vətəndaşlar üçün mühüm əhəmiyyət daşıyır.

Humanitar həmrəylik baxımından da Slovakiyada yaşayan azərbaycanlıların fəaliyyəti xüsusi qeyd olunmalıdır. 2020-ci il Vətən müharibəsi zamanı Slovakiyada yaşayan azərbaycanlılar yüksək həmrəylik nümayiş etdirərək cəbhədə xidmət edən hərbçilərimizə yardım paketləri göndərib, xalqımızın haqq mübarizəsinə mənəvi dəstəklərini ifadə ediblər. Bu dostluğun daha bir nümunəsi işğaldan azad olunmuş Ağdam rayonunun Baş Qərvənd kəndində inşa ediləcək məktəbə Slovakiyanın görkəmli siyasi və hərbi xadimi, ölkənin Milli Qəhrəmanı Milan Rastislav Ştefanikin adının verilməsidir. Şəxsi müşahidələrimə əsasən, slovak xalqının azərbaycanlılara münasibəti olduqca müsbətdir. İnsanlar Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, turizm potensialı və son illərdə əldə etdiyi inkişafla yaxından maraqlanırlar. Düşünürəm ki, bu qarşılıqlı maraq və etimad xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir”, - deyə o vurğulayıb.

Həmvətənimiz bildirib ki, Azərbaycan-Slovakiya münasibətləri gələcəkdə enerji, texnologiya, təhsil, innovasiya və biznes sahələrində daha da inkişaf edəcək. Slovakiyada yaşayan azərbaycanlılar olaraq biz də ölkələrimiz arasında dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə, Azərbaycanın obyektiv və müsbət beynəlxalq imicinin gücləndirilməsinə bundan sonra da öz töhfəmizi verməyə davam edəcəyik.