Sədr: ANAMA-nın maddi-texniki bazası daha da möhkəmləndirilib, şəxsi heyətin sayı artırılıb

ANAMA-nın hüquqi statusunun dəyişdirildiyi dövrdən agentliyin qarşısında mövcud və artıq müəyyənləşdirilmiş mina problemi miqyasına uyğun olaraq maddi-texniki bazanın gücləndirilməsi və insan resurslarının artırılması vəzifəsi qoyuldu. Biz də fəaliyyətimizi bu tapşırığa uyğun şəkildə təşkil etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O vurğulayıb ki, görülən işlər nəticəsində ANAMA-nın maddi-texniki bazası daha da möhkəmləndirilib, yeni avadanlıqlar və nəqliyyat vasitələri alınıb, şəxsi heyətin sayı artırılıb.

“Yeni avadanlıqlara nümunə olaraq Çin Xalq Respublikası tərəfindən agentliyə ianə edilmiş iki ədəd X-ray cihazını göstərə bilərəm. Bunlar xüsusi təyinatlı rentgen cihazlarıdır və qapalı məkanların arxasında - qapıların, dolabların və ya yeşiklərin içərisində nə olduğunu həmin obyektləri açmadan müəyyən etməyə imkan verir”, - deyə V.Süleymanov bildirib.