Yaşar Güler: Türk hərbçilərin mövcudluğu Kiprin təhlükəsizliyi və sabitliyi üçün kritik əhəmiyyətə malikdir

Ankara xoşməramlılıq nümayiş etdirməkdən və beynəlxalq hüquqa uyğun olaraq Kipr məsələsinə ağlabatan həll yolları axtarmaqdan heç vaxt çəkinməyib. Türkiyənin beynəlxalq təşəbbüslərə uzun müddət müsbət yanaşmasına baxmayaraq, Kiprdəki münaqişənin həlli istiqamətində atılan addımlara hələ də lazımi reaksiya görməyib. Biz Kipr türklərinin suveren haqlarını və bərabər beynəlxalq status hüququnu tanımaqda israrlıyıq.

AZƏRTAC xəbər verir ki, bu bəyanatı Türkiyənin milli müdafiə naziri Yaşar Güler Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) yerləşən Türkiyə Silahlı Qüvvələrinin 39-cu mexanikləşdirilmiş piyada diviziyasının əsgərləri qarşısında çıxış edərkən verib.

Müdafiə naziri əmin olduğunu bildirib ki, türk qoşunlarının ŞKTC-də davamlı mövcudluğu adada təhlükəsizlik və sabitlik üçün vacibdir.

Türkiyəli nazir bir sıra beynəlxalq təşkilatların, xüsusən də Avropa Parlamentinin Kiprlə bağlı mövqeyini tənqid edib. “AP-nin son qətnaməsində Türkiyəyə qarşı əsassız ittihamlar var və heç bir hüquqi, tarixi və ya mənəvi əsas yoxdur. Lobbi təsiri ilə formalaşan qərəzli yanaşmaların Ankara üçün heç bir dəyəri yoxdur. Biz bu cür qətnamələri qətiyyətlə rədd edirik”, - deyə Güler vurğulayıb. O qeyd edib ki, “subyektiv siyasi sənədlər Kiprin tarixi reallığını əvəz edə bilməz və Türkiyənin qanuni hüquqlarını şübhə altına almayacaq”.

“Avropa Parlamentinin mövqeyi Aİ-nin özünün qərəzsiz imicini sarsıdır. Tarix siyasi arqumentlər vasitəsilə deyil, sənədlər və həqiqətlərlə yazılır”, - deyən nazir, həmçinin Kipr problemini “Türkiyənin milli məsələsi” adlandırıb.

Güler qeyd edib ki, yunan Kiprinin Aİ-yə qəbul edilməsi ilə Brüssel “Kipr məsələsində obyektiv aktor statusunu böyük ölçüdə itirib”.