İranın region ölkələrindən heç biri ilə düşmənçiliyi yoxdur – Bəqai

İranın qonşu və region ölkələrindən heç biri ilə düşmənçiliyi yoxdur.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (20 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.

“İran dəqiq şəkildə inanır ki, regionda dayanıqlı təhlükəsizliyin yaradılmasının yeganə yolu, hərbi müdaxilə və ABŞ-nin müdaxilələri olmadan region ölkələri arasında əməkdaşlıq və anlaşmadır. İran region ölkələrindən ABŞ-nin İrana hücum üçün imkanlarından istifadə etməsinə mane olmalarını istəyir. İrana hücumlar davam etdiyi vaxta qədər, İran cavab verəcək”, - deyə o qeyd edib.

 

Bəqai bildirib ki, İrana müxtəlif formalarda hücumlar həyata keçirərək ölkən elektrik stansiyalarını vurmaqla hədələyirlər. Bu addım heç bir meyara uyğun gəlmir.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 20 iyulda yaydığı məlumatda İrana qarşı ardıcıl doqquzuncu gecə zərbələrini uğurla başa çatdırdığını bildirib.