Meksikanın nüfuzlu “Mundo Internacional” jurnalında Azərbaycan dövlətinin diaspor siyasətindən bəhs edilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Komitənin sədri Fuad Muradovun jurnalın baş redaktoru Karmen Mihalaskuya verdiyi müsahibə dərc olunub.
Müsahibədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə danışılıb. Qeyd olunub ki, Azərbaycan regionda davamlı sülhün, sabitliyin və təhlükəsizliyin əsas təminatçısıdır.
Komitə sədri xaricdə yaşayan azərbaycanlıların milli-mədəni kimliyinin qorunması, onların vahid diaspor platforması ətrafında birləşdirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib. Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının əldə etdiyi nəticələri diqqətə çatdırıb. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və həftəsonu Azərbaycan məktəblərinin fəaliyyətinin diaspor quruculuğu prosesində mühüm rol oynadığını söyləyib.
Bununla yanaşı, Meksika səfərinin məqsədləri barədə geniş danışan Komitə sədri keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb və Azərbaycan-Meksika münasibətlərinin perspektiv inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.