Nəzrin Əlizadə: Orta Dəhliz artıq alternativ deyil, qlobal ticarət üçün zəruri marşrutdur

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində imzalanan Birgə Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşə və Ermənistan–Azərbaycan sülh sazişinin paraflanmasına açıq şəkildə istinad olunması xüsusi diqqət çəkir. Federal Kansler Fridrix Mertsin bu nailiyyəti yüksək qiymətləndirməsi Azərbaycanın Cənubi Qafqazda həyata keçirdiyi sabitlik siyasətinin Avropanın aparıcı dövləti tərəfindən dəstəkləndiyinin ifadəsidir. Bu, eyni zamanda, Bakının regionun yeni təhlükəsizlik arxitekturasında mərkəzi və tənzimləyici aktor kimi qəbul olunduğunu təsdiqləyən mühüm siyasi göstəricidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Nəzrin Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa İttifaqının enerji siyasətində rolunun güclənməsi bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, təbii qaz ixracının institusional əsasları daha da möhkəmlənir. Avropanın enerji təhlükəsizliyi son illərdə ənənəvi təchizatçılardan asılılığın azaldılması prinsipi üzərində qurulur. Almaniya kimi aparıcı iqtisadi gücün Azərbaycanla strateji tərəfdaşlıq qurması digər Avropa İttifaqı üzvü dövlətləri üçün də nümunə yarada və Azərbaycanın Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində rolunu daha da artıra bilər. Bununla yanaşı, bu təsirin real nəticələri imzalanmış çərçivə sənədinin yeni boru kəməri gücləri, uzunmüddətli alqı-satqı müqavilələri və birgə investisiya layihələri kimi konkret təşəbbüslərə çevrilməsindən asılı olacaq. Çünki siyasi iradəni əks etdirən sənədlərin real enerji axınlarına çevrilməsi müəyyən zaman və infrastruktur yatırımları tələb edir.

Dosent qeyd edib ki, qlobal geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti də sürətlə artır. Rusiya–Ukrayna müharibəsi Şimal marşrutunun sabitliyini zəiflədib və Avropa ilə Asiya arasında alternativ nəqliyyat yollarına tələbi kəskin artırıb. Orta Dəhlizin strateji əhəmiyyəti 2026-cı ilin fevralında ABŞ və İsrailin İrana qarşı hava əməliyyatlarından sonra yaranmış regional böhran zamanı özünü daha aydın göstərib. Hörmüz boğazı ətrafında yaranan təhlükəsizlik problemləri ənənəvi dəniz ticarət marşrutlarının fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Bunun nəticəsində Orta Dəhliz üzrə konteyner daşımalarına tələbat bir həftə ərzində əvvəlki ilin analoji dövrü ilə müqayisədə 450–500 faiz artıb. Bu fakt göstərdi ki, Orta Dəhliz artıq alternativ marşrut deyil, qlobal ticarətin davamlılığı üçün zəruri logistika xəttinə çevrilib.

Ekspert hesab edir ki, Azərbaycanın mövqeyini daha da gücləndirmək üçün yeni imkanlar yaranır. Bakının Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Qars–İğdır–Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi Orta Dəhlizin daşıma qabiliyyətini artıraraq Azərbaycanı yalnız tranzit ölkəsi deyil, marşrutun idarəedici mərkəzinə çevirə bilər. Almaniya ilə strateji tərəfdaşlıq isə Orta Dəhliz vasitəsilə Xəzərdən Avropaya elektrik enerjisi və hidrogen ixracı kimi yeni enerji layihələrinə əlavə maliyyə və siyasi dəstəyin cəlb olunmasına şərait yarada bilər. Eyni zamanda, Ermənistan–Azərbaycan sülh prosesinin beynəlxalq səviyyədə dəstəklənməsi Zəngəzur dəhlizi kimi yeni tranzit marşrutlarının reallaşmasını sürətləndirə və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin daha da şaxələnməsinə töhfə verə bilər.

Nəzrin Əlizadə sonda vurğulayıb ki, Azərbaycan–Almaniya strateji tərəfdaşlığı ilə Orta Dəhlizin artan əhəmiyyəti bir-birini qarşılıqlı şəkildə gücləndirən iki mühüm prosesdir.

"Siyasi etimad enerji və nəqliyyat layihələrinə investisiyaların cəlb edilməsini asanlaşdırır, uğurla həyata keçirilən infrastruktur layihələri isə Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. İran–ABŞ–İsrail qarşıdurması zamanı əldə olunan təcrübə göstərdi ki, bu potensial yalnız nəzəri deyil, böhran şəraitində də Azərbaycan tərəfsiz və etibarlı logistika mərkəzi kimi uğurla fəaliyyət göstərə bilir. Bununla belə, bu potensialın tam reallaşması imzalanmış strateji sənədlərin konkret iqtisadi və infrastruktur layihələrinə çevrilməsindən, eləcə də regionda davamlı sülhün təmin olunmasından asılı olacaq", – deyə Nəzrin Əlizadə fikrini yekunlaşdırıb.