Paraqvayın rezidensiyası Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores)"Report"un Türkiyə bürosuna müsahibəsində iki ölkə arasında iqtisadi, mədəni əlaqələrin inkişaf perspektivindən, siyasi münasibətlərdən danışıb:
- Cənab səfir, "Report"a son açıqlamanızda bildirmişdiniz ki, Azərbaycanla Paraqvay bir-birini tamamlayan tərəfdaşdır. Ölkələrimiz arasındakı hazırkı münasibətləri necə qiymətləndirirsiniz?
- Azərbaycan və Paraqvay xüsusilə iqtisadi şərtlərinə görə bir-birini tamamlayan ölkələrdir. Hər iki ölkə öz regionlarında ortaölçülü mövqeyə malikdir. Paraqvayın dənizə çıxışı yoxdur, Azərbaycanın isə açıq okeana deyil, yalnız Xəzər dənizinə çıxışı var. Ölkələrimiz beynəlxalq ticarətdə oxşar logistik çətinliklərlə üzləşir.
İqtisadiyyatlarımız bir sıra sahələrdə bir-birini tamamlayır. Azərbaycan neft və neft məhsullarının mühüm istehsalçısı və ixracatçısıdır, Paraqvay isə enerji resurslarının idxalçısıdır. Eyni zamanda, Paraqvay mal əti, soya, taxıl və digər kənd təsərrüfatı məhsulları üzrə dünyanın aparıcı ərzaq istehsalçılarından və ixracatçılarından biridir. Azərbaycan isə bildiyimə görə, ərzaq tələbatının müəyyən hissəsini idxal hesabına qarşılayır. Bu tamamlayıcı xüsusiyyətlər ikitərəfli ticarət və investisiyaların gücləndirilməsi üçün əla imkanlar yaradır.
- Ölkəmizə səfər etdinizmi?
- Bəli. Mən 2026-cı ilin fevral ayında Azərbaycana səfər etmişəm. Ölkənin müasir infrastrukturu, Bakı şəhərinin gözəlliyi və inkişaf səviyyəsi, ən başlıcası isə Azərbaycan xalqının səmimiyyəti, qonaqpərvərliyi və dostcanlılığı məndə dərin və xoş təəssürat yaratdı. Həmçinin dövlət rəsmiləri, işgüzar dairələrin nümayəndələri və diplomatik korpusun üzvləri ilə görüşlər keçirmək imkanı əldə etdim. Bu görüşlər Paraqvay ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğuna dair əminliyimi daha da möhkəmləndirdi. Əməkdaşlığımızın əhəmiyyətli dərəcədə genişləndirilə biləcəyi bir neçə strateji sektorun olduğunu düşünürəm.
- Hansı sektorların?
- Enerji və karbohidrogenlər, ticarət və investisiyalar, süd sənayesi və ərzaq emalı, kənd təsərrüfatı, tikinti və infrastruktur, nəqliyyat və logistika, mülki aviasiya və hava əlaqələri, elmi-texniki əməkdaşlığın təşviqi sektorlarını əməkdaşlığımızda əhəmiyyətli hesab edirəm. Biz, eyni zamanda, özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsinə, eləcə də hər iki istiqamətdə biznes missiyalarının təşviq olunmasında maraqlıyıq.
- Paraqvay Azərbaycana hansı məhsulları ixrac edir və ölkəmizdən hansı məhsulları idxal edir?
- Hazırda Paraqvay ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələri arzuolunan səviyyədə olmasa da, bu sahədə əhəmiyyətli inkişaf və genişlənmə imkanları mövcuddur. Paraqvayın Azərbaycana ixracının əsasını qablaşdırılmış dərman vasitələri, efir və toxum yağları təşkil edir. Bununla belə, mövcud ticarət həcmi iki ölkə iqtisadiyyatları arasında olan real əməkdaşlıq potensialını tam şəkildə əks etdirmir.
Paraqvayla Azərbaycan qarşıdakı illərdə iqtisadi diplomatiyanın daha da inkişaf etdirilməsi, özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsi və ikitərəfli ticarət həcminin artırılması niyyətində olduğunu bəyan edib. Paraqvay xüsusilə enerji, karbohidrogenlər, logistika və infrastruktur istiqamətlərində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanlarına xüsusi maraq göstərir. Öz növbəsində, Azərbaycan Paraqvayın yüksək rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı və ərzaq istehsalı sahələrinin potensialından yararlana bilər.
- Neçə ölkədə səfir kimi akkreditasiya olunmusunuz? Bu ölkələr üzrə gələcək hədəfləriniz nələrdir?
- Mən Paraqvay Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olmaqla yanaşı, Azərbaycan, Gürcüstan və İraq üzrə də akkreditə olunmuşam. Əsas fəaliyyət istiqamətlərimdən biri Paraqvayın bu ölkələrin hər biri ilə siyasi, iqtisadi və kommersiya əlaqələrinin daha da inkişaf etdirilməsidir. Azərbaycanla olduğu kimi, digər 3 ölkə ilə də xüsusilə investisiyaların təşviqi və cəlbi, ticarət əlaqələrinin genişləndirilməsi, institusional əməkdaşlığın möhkəmləndirilməsi, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin artırılması prioritetlərim sırasında yer alır.
- Paraqvayın turizm potensialı barədə nə deyə bilərsiniz?
- Paraqvay subtropik iqlim qurşağında yerləşdiyi üçün ölkəmizdə dekabrdan martadək isti və rütubətli yay, iyundan avqusta qədər isə mülayim və rahat hava şəraitinə malik qış müşahidə olunur. Necə deyərlər, qışı mülayim, yayı sərin olan coğrafiyamızın insanları da mülayimdir. Ona görə də, xüsusilə, yaz və payız ayları əlverişli iqlimi, əsrarəngiz təbiəti ilə turistlər üçün daha cəlbedici dövr sayılır.
Ölkəmiz geniş meşə zolaqları, zəngin su hövzələri, çaylar və böyük hissəsi öz təbii görkəmini qoruyub saxlayan xüsusi mühafizə olunan ərazilərlə seçilir. Ona görə də toxunulmamış təbiətlə tanış olmaq və zəngin biomüxtəlifliyi kəşf etmək istəyən hər kəs üçün Paraqvay unikal və cəlbedicidir. İnanıram ki, turizm Paraqvay ilə Azərbaycan arasında gələcək əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri olacaq. Bu potensialdan tam istifadə etmək üçün hava əlaqələrinin inkişaf etdirilməsi və nəqliyyat imkanlarının genişləndirilməsi də vacibdir.
Ölkələrimiz arasında mədəniyyət, təhsil, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Xalqlarımız bir-biri haqqında məlumatlılığı artırmalıdır. Ümid edirəm ki, akademik mübadilələrin, mədəni layihələrin və turizm əlaqələrinin inkişaf etdirilməsi ölkələrimiz və xalqlarımız arasında daha güclü, davamlı və uzunmüddətli əlaqələrin formalaşmasına mühüm xidmətlər edəcək.
- Azərbaycanla Paraqvay bir sıra beynəlxalq platformalarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Hazırda Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Paraqvay torpaqları da tarixən haqsızlığa məruz qalıb. Xalqların müstəmləkəçilikdən qurtuluşu üçün, sizcə, çıxış yolu nədədir?
- Paraqvay BMT Nizamnaməsinin əsas prinsiplərinə, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşıb, mübahisələrin dinc yolla həlli və dövlətlər arasında dialoqun təşviqi prinsiplərinə daim sadiq qalıb. Biz əminik ki, dövlətlər arasında mövcud olan hər hansı fikir ayrılığı yalnız diplomatik vasitələr, beynəlxalq hüquq normaları və sülh yolu ilə aparılan danışıqlar əsasında həll edilməlidir.
- Paraqvayın Azərbaycandakı sabiq qeyri-rezident səfiri ölkəsinin Azərbaycanda Fəxri Konsulluğunun təsis edilməsini planlaşdırdığını qeyd etmişdi. Bu məsələ ilə bağlı hər hansı yenilik varmı?
- Bəli. Məmnuniyyətlə nəzərinizə çatdırıram ki, Paraqvayın Azərbaycandakı Fəxri Konsulluğunun təsis edilməsi prosesi artıq başa çatdırılıb. Cənab Tərlan Məmmədov Paraqvayın Azərbaycandakı Fəxri Konsulu vəzifəsinə təyin edilib. İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək.