Almaniya Azərbaycanda enerji saxlama sistemlərinin potensialını araşdıracaq

Almaniya infrastrukturun inkişafı, elektrik nəqliyyatı və bərpa olunan mənbələr üçün enerji saxlama texnologiyaları sahəsində tərəfdaşlıq perspektivlərini qiymətləndirmək məqsədilə Bakıya biznes missiya təşkil etmək niyyətindədir.

"Report" Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azerbaijan) istinadən xəbər verir ki, səfərin cari ilin dekabrın 7-dən 10-dək həyata keçirilməsi nəzərdə tutulur.

Tədbir Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin tapşırığı ilə həyata keçirilən Almaniya Enerji İxracı Təşəbbüsü çərçivəsində təşkil olunur.

İşgüzar səfərin gündəliyinə potensial tərəfdaşlarla fərdi B2B görüşlər, sahəvi konfrans, Almaniyanın texnoloji həllərinin nümayişi və ixtisaslaşdırılmış obyektlərə tanışlıq səfərləri daxildir.

Bundan başqa, oktyabr ayında ixracın maliyyələşdirilməsi məsələlərinə həsr olunmuş ikinci Almaniya-Azərbaycan konfransının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Almaniyaya dövlət səfəri zamanı Azərbaycan-Almaniya İşgüzar Şurasının təsis edilməsi və fəaliyyəti haqqında birgə bəyannamə imzalanıb. Bu şuranın əsas vəzifəsi hər iki ölkənin dövlət orqanları və biznes icmaları arasında birbaşa dialoq üçün daimi fəaliyyət göstərən platformanın yaradılmasıdır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin statistik məlumatına əsasən, 2026-cı ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi illik ifadədə 25,33 % (194,352 milyon ABŞ dolları) azalaraq 572,89 milyon ABŞ dolları təşkil edib. Azərbaycanın Almaniyaya ixracı 234,778 milyon ABŞ dollarına çatıb (illik ifadədə 26,7 % azalma), bu Avropa ölkəsindən idxalın həcmi isə 338,111 milyon ABŞ dolları (- 24,35 %) təşkil edib.