ABŞ nümayəndə heyəti Fransa nümayəndəsinin çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk edib.
Zala qayıtdıqdan sonra ABŞ nümayəndəsi bu addımı belə izah edib:
"Səmimiyyətsiz siyasi nümayişkarlıq yorucudur. Bununla belə, biz Təhlükəsizlik Şurasının daimi üzvləri kimi həmrəylik və qarşılıqlı hörmət naminə buna dözmüşük."Buna cavab olaraq Fransa nümayəndəsi iki ölkə arasında uzunillik müttəfiqlik münasibətlərini vurğulayaraq bildirib ki, ABŞ bu il yaradılmasının 250 illiyini qeyd edir və o, Fransanın Amerika dövlətinin formalaşmasında oynadığı tarixi rolu xatırladıb.
Fikir ayrılığına səbəb üç gün əvvəl BMT Baş Assambleyasında keçirilən səsvermə olub. Səsvermənin nəticələrinə əsasən, Folker Türk BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsinə ikinci dördillik müddətə yenidən seçilib. Onun namizədliyini 144 dövlət dəstəkləyib, 10 ölkə əleyhinə səs verib, daha 13 dövlət isə bitərəf qalıb.
F. Türkün fəaliyyətini dəfələrlə tənqid edən ABŞ onun yenidən seçilməsinə qarşı çıxan dövlətlər sırasında yer alıb. Səsvermədən sonra Fransa hökuməti sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, ABŞ artıq "insan hüquqlarının mayakı" deyil və beynəlxalq təcrid vəziyyətinə düşüb. Paylaşım #AmericaAlone həşteqi ilə müşayiət olunub.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts isə cavab olaraq Fransanı "insan hüquqlarını ən kobud şəkildə pozan bəzi dövlətlərə göz yummaqda" ittiham edib.