Müasir dünyada dövlətlər arasında rəqabət artıq yalnız siyasi, iqtisadi və ya hərbi sahədə deyil, informasiya məkanında da aparılır.
Dezinformasiya, təbliğat və psixoloji təsir vasitələri beynəlxalq münasibətlərin mühüm elementlərindən birinə çevrilib. Bu baxımdan media qurumlarına qarşı atılan addımlar təkcə informasiya siyasəti deyil, həm də dövlətlərarası münasibətlərin göstəricisi kimi qiymətləndirilir.
Son günlər İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi və həmin media orqanı ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi də məhz bu kontekstdə diqqət çəkir.
Bu qərar Azərbaycanda yalnız media məsələsi kimi deyil, həm də iki ölkə arasındakı münasibətlərə və informasiya təhlükəsizliyinə təsir göstərə biləcək addım kimi dəyərləndirilir.
MEDİA: Qarşılıqlılıq prinsipi tətbiq ediləcək
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) məsələ ilə bağlı yaydığı bəyanatda İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektlərini, o cümlədən Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsini və həmin media orqanları ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsini təəccüblə qarşıladığını bildirib.
Agentlik bəyan edib ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq qalmaqla yanaşı, beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir.
Bəyanatda qeyd olunub ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər tətbiq edildiyi halda, həmin dövlətin jurnalistlərinə qarşı Azərbaycanda da analoji məhdudiyyətlər tətbiq oluna bilər.