Maqbat Spanov: Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir

Yaxın Şərqdə gərginliyin getdikcə artması Avrasiya məkanında nəqliyyat-logistika marşrutlarının əhəmiyyətinə birbaşa təsir göstərir. Bu şəraitdə Orta Dəhliz, yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu qlobal təchizat zəncirləri baxımından ən təhlükəsiz marşrutlardan birinə çevrilir. Məhz buna görə də bu dəhlizin strateji əhəmiyyəti gündən-günə artır və əvvəllər qəbul edilmiş inkişaf planlarına da yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında qazaxıstanlı ekspert Maqbat Spanov deyib.

Ekspert bildirib ki, Orta Dəhliz üzrə yükdaşımaların dinamikası marşrutun artan əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.

"2016-cı ildə bu marşrutla daşınan yüklərin ümumi həcmi cəmi 122 min ton təşkil edirdi. Sonrakı illərdə isə bu göstərici kəskin artaraq 1,6 milyon tona, sonra isə 4 milyon tona yüksəlib. Qarşıdakı dörd il ərzində bu həcmin daha üç dəfə artırılması planlaşdırılır. Bu faktlar göstərir ki, Orta Dəhlizin əhəmiyyəti gələcəkdə daha da artacaq. Marşrutun inkişafı qarşısında duran əsas maneələrdən biri Xəzər dənizi üzərində daşımaların mövcud imkanlarıdır. Bu gün marşrutun ən həssas hissəsi məhz Xəzərdir. Dəniz daşımalarının fasiləsiz təşkili üçün ilk növbədə bərə, tanker və digər yük gəmilərinin sayının artırılmasına ehtiyac var. Hazırkı imkanlar Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında, oradan isə Avropa istiqamətində yük axınının tam fasiləsiz təmin olunması üçün hələ kifayət etmir. Buna görə də dəniz nəqliyyatının gücləndirilməsi əsas prioritetlərdən biri hesab olunmalıdır", – deyə ekspert qeyd edib.

M.Spanov bildirib ki, son dövrlərdə yaranmış geosiyasi vəziyyət marşrutun təhlükəsizliyi məsələsini də ön plana çıxarıb. Regionda davam edən hərbi qarşıdurmalar göstərir ki, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi yalnız logistika məsələsi deyil. Bu marşrutun müxtəlif risklərdən qorunması və mümkün insidentlərin qarşısının alınması üçün təhlükəsizlik mexanizmlərinin də gücləndirilməsi vacibdir. Azərbaycan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizdə fəal iştirakı marşrutun iqtisadi səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bunun üçün konteynerlərin yalnız bir istiqamətdə deyil, hər iki istiqamətdə yüklə təmin edilməsi vacibdir. Əgər marşrut Çin istiqamətindən tam yüklə işləyib geri boş qayıdarsa, onun iqtisadi səmərəliliyi azalacaq. Əksinə, hər iki istiqamətdə yük axınının təmin olunması daşımaların maya dəyərini aşağı salacaq və marşrutun rəqabət qabiliyyətini artıracaq.

O, qeyd edib ki, Mərkəzi Asiya ölkələri iqtisadiyyatlarını yalnız xammal ixracına əsaslanan modeldən uzaqlaşdırmağa çalışırlar və bu baxımdan logistikanın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Orta Dəhlizin inkişafı müxtəlif texnologiyaların tətbiqinə, yeni logistika həllərinin formalaşdırılmasına imkan yaradır. Bununla yanaşı, marşrut boyunca təkcə logistika mərkəzləri və nəqliyyat infrastrukturu deyil, sənaye müəssisələri, kənd təsərrüfatı istehsalı və digər iqtisadi fəaliyyət sahələri də inkişaf edə bilər. Bu isə bütövlükdə regionun iqtisadi potensialını artıracaq.

“Orta Dəhlizin inkişafı yalnız iqtisadi baxımdan deyil, siyasi və təhlükəsizlik aspektindən də mühüm əhəmiyyət daşıyır. Bu marşrutun inkişafı ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə, dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə, bütün bunlar regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək", – deyə Maqbat Spanov əlavə edib.