Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təsirli nailiyyətlər əldə edir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
"Qırğızıstanda sizi qardaş Azərbaycan xalqının lideri və qırğız xalqının əziz dostu kimi yüksək qiymətləndirirlər. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkəniz təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", - deyə Japarov bildirib.
Qırğızıstan Prezidenti vurğulayıb ki, müasir Azərbaycanın uğurları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində qurulub.
"Bu quruculuq yolu bu gün də davam edir. Siz ölkənin davamlı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunu daha da gücləndirirsiniz. Qırğızıstan və Azərbaycan ortaq tarixi köklərə və mənəvi yaxınlığa malikdir. Bu dəyərlər hər iki xalqın zəngin mədəni irsində də öz əksini tapır. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin müdrik sözləri ilə desək, qazanılan hər bir dost Tanrının bəxş etdiyi nemətdir. Xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıb. Prezident İlham Əliyev, sizin səfəriniz qırğız-Azərbaycan münasibətlərinin xüsusi xarakter daşıdığını bir daha təsdiqləyir", - deyə o əlavə edib.
Sadır Japarov bildirib ki, iki ölkə dostluq və qarşılıqlı etimad prinsiplərinə söykənən ikitərəfli əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyur.
"Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək heç bir həll olunmamış məsələ yoxdur. Əksinə, tam qarşılıqlı etimad və açıqlıq mühiti formalaşıb ki, bu da bizə inamla irəliləməyə imkan verir. Məhz belə bir şəraitdə mühüm təşəbbüslər irəli sürülür və ikitərəfli əməkdaşlığın gələcəyini müəyyənləşdirən qərarlar qəbul edilir. Xüsusilə vacibdir ki, əldə olunan bütün razılaşmalar birgə inkişaf və ortaq məqsədlərə nail olmaq istiqamətində səmimi iradəyə əsaslanır. Qırğızıstan-Azərbaycan əməkdaşlığı nəqliyyat, iqtisadiyyat, investisiyalar, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir. Ümid edirik ki, bugünkü danışıqlar qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq şəraitində keçəcək", - deyə Qırğızıstan Prezidenti bildirib.