İran hökuməti 2018-ci ildə 5 sahilyanı ölkə arasında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın İran parlamentində ratifikasiya olunmasına çalışır.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
“2018-ci ildən bəri bu konvensiya hüquqi, siyasi və başqa cəhətlərdən dəqiq şəkildə araşdırılıb. 22 iyul 2026-cı il tarixində bu konvensiya Nazirlər Kabinetində təsdiqlənib və sonra parlamentə göndərilib”, - deyə o bildirib.
Bəqai qeyd edib ki, İran önəmli beynəlxalq sənədə qoşulmaq istəyirsə, onun həm hüquqi, həm siyasi, həm təhlükəsiz cəhətlərini diqqətlə araşdırmalıdır.
“İran parlamentdə sənədin ratifikasiya olunmasının həm Xəzəryanı ölkələr arasında əməkdaşlığa, həm də Xəzərdən kənar oyunçuların bu su hövzəsindən sui-istifadə etməsinin qarşısının alınmasına şərait yaradacağını düşünür”, -deyə o qeyd edib.
Nazirlik rəsmisi əlavə edib ki, bu konvensiyada regiondan kənar ölkələrin hər hansı hərbi iştirakı qadağan olunub. Bu konvensiyada dəniz sərhədlərinin təyin olunması, başlanğıc xəttinin müəyyənləşməsi qeyd olunmayıb. Başlanğıc xəttinin müəyyənləşməsi haqda başqa bir çərçivədə danışıqlar aparılmalıdır.
“Ümumilikdə İran tərəfindən bu konvensiyanın ratifikasiya olunması ilə icrası zəruri olacaq. Çünki konvensiyanın icra olunması üçün hər beş sahilyanı ölkə onu ratifikasiya etməlidir. Bu isə 5 sahilyanı üzv ölkə arasında əməkdaşlıq və etimadın möhkəmlənməsinə uyğun şərait yaradacaq”, - deyə o qeyd edib.
Əlavə edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5 sahilyanı ölkə - Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya yerləşir.
2018-ci il 12 avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) 5-ci sammitində ölkə başçıları tərəfindən Xəzər dənizinin hüquqi statustu haqqında konvensiya imzalanıb. Konvensiya 4 ölkənin parlamentində ratifikasiya olunsa da, indiyədək İran parlamentində ratifikasiya olunmayıb.
Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyada ölkələrin payı ölkələr arasında ikitərəfli razılaşma çərçivəsində həll olunması nəzərdə tutulub.