Türk ekspert: Azərbaycan–Qırğızıstan müttəfiqliyi Türk dünyasında inteqrasiyanı daha da gücləndirəcək

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri və bu səfər çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi Türk dünyasında siyasi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert Cafer Dal bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında imzalanan Müttəfiqlik haqqında Birgə Bəyannamə iki ölkənin qarşılıqlı etimada əsaslanan münasibətlərini daha da möhkəmləndirəcək və əməkdaşlığın institusional əsaslarını gücləndirəcək.

“Bu səfərin ən mühüm nəticəsi münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsidir. Bu, təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Qırğızıstan ortaq tarixə, mədəniyyətə və dəyərlərə malik dövlətlər kimi bundan sonra da regional və qlobal məsələlərdə daha sıx koordinasiya edəcəklər”, – deyə Cafer Dal vurğulayıb.

Onun sözlərinə görə, son illərdə Bakı ilə Bişkek arasında siyasi dialoqun intensivləşməsi iqtisadi əməkdaşlığın genişlənməsi üçün də əlverişli zəmin yaradıb: “Xüsusilə ticarət, nəqliyyat, logistika, kənd təsərrüfatı, enerji, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində həyata keçiriləcək birgə layihələr hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək. Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı aparıcı rol Qırğızıstan üçün də yeni imkanlar açır. Xəzər dənizi üzərindən keçən nəqliyyat marşrutlarının genişləndirilməsi Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını asanlaşdıracaq, eyni zamanda regionun geoiqtisadi əhəmiyyətini daha da artıracaq”.

Cafer Dal bildirib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkənin regionda etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi də məhz bu siyasətin uğurlu nəticələrindən biridir.

“Azərbaycan və Qırğızıstan arasında formalaşan yeni müttəfiqlik modeli yalnız iki ölkənin maraqlarına xidmət etmir. Bu əməkdaşlıq bütövlükdə Türk dünyasının siyasi həmrəyliyini gücləndirəcək, regional sabitliyə, iqtisadi inteqrasiyaya və beynəlxalq platformalarda ortaq mövqelərin daha səmərəli müdafiəsinə mühüm töhfə verəcək”, – deyə türkiyəli siyasi ekspert əlavə edib.