Ruslan Saralinov: Azərbaycan Cənubi Qafqazda Qırğızıstanın əsas tərəfdaşlarından biridir

Son illərdə Bakı ilə Bişkek arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi, Türk Dövlətləri Təşkilatı və digər regional platformalarda əməkdaşlığın dərinləşməsi müttəfiqlik münasibətlərinin qurulmasını məntiqi nəticəyə çevirib.

Bunu AZƏRTAC-a açıqlamasında qırğız ekspert Ruslan Saralinov deyib.

O bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Müqavilə sadəcə simvolik sənəd deyil, uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın hüquqi və institusional təsbitidir.

“Azərbaycanı Cənubi Qafqazda Qırğızıstanın əsas tərəfdaşlarından biri hesab edirəm. Bizi ortaq tarixi-mədəni bağlar, Türk Dövlətləri Təşkilatına üzvlük və ən əsası, Avrasiyada nəqliyyat bağlantılarının inkişafına dair oxşar baxışlar birləşdirir. Hesab edirəm ki, müttəfiqlik müqaviləsi əməkdaşlığımızı daha sistemli müstəviyə çıxaracaq. Bu, müntəzəm siyasi məsləhətləşmələrin, xarici siyasət üzrə mövqelərin əlaqələndirilməsinin, birgə investisiya layihələrinin, təhlükəsizlik, rəqəmsallaşma, energetika, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq”, – deyə ekspert bildirib.

Ruslan Saralinovun fikrincə, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın ən böyük potensialı nəqliyyat-logistika sahəsindədir.

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin inkişafı Qırğızıstan üçün xarici iqtisadi əlaqələrin şaxələndirilməsi və Xəzər dənizi, Cənubi Qafqaz vasitəsilə Avropa və dünya bazarlarına çıxış baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan müasir liman, dəmir yolu və logistika infrastrukturu sayəsində bu marşrutun əsas iştirakçılarından biridir. Əminəm ki, Bişkeklə Bakı arasında əməkdaşlığın daha da dərinləşməsi yükdaşımaların həcminin artmasına, multimodal daşımaların inkişafına, gömrük prosedurlarının sadələşdirilməsinə və ümumilikdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edəcək. Xüsusilə də Asiya ilə Avropa arasında alternativ marşrutlara beynəlxalq marağın artdığı indiki mərhələdə bunun əhəmiyyəti daha da böyükdür. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının görüşlərində daha fəal iştirak etməsi regionda yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir.

Mən Mərkəzi Asiya ilə Cənubi Qafqazı artıq bir-biri ilə sıx bağlı olan vahid geoiqtisadi məkan kimi qiymətləndirirəm. Azərbaycanın region ölkələri ilə əməkdaşlığının genişlənməsi birgə infrastruktur layihələrinin həyata keçirilməsinə, enerji əməkdaşlığının möhkəmlənməsinə və yeni təchizat zəncirlərinin formalaşmasına mühüm töhfə verəcək”, – deyə Ruslan Saralinov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri Türk Dövlətləri Təşkilatının inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyır.

“Bu əməkdaşlıq təkcə siyasi münasibətlər demək deyil. Söhbət nəqliyyat, ticarət, rəqəmsal iqtisadiyyat, təhsil, innovasiya və humanitar sahələrdə ortaq layihələrin praktik şəkildə həyata keçirilməsindən gedir. İnanıram ki, ikitərəfli əlaqələrin güclənməsi çoxtərəfli təşəbbüslərin səmərəliliyini artıracaq və Türk Dövlətləri Təşkilatı çərçivəsində daha dayanıqlı iqtisadi məkanın formalaşmasına ciddi töhfə verəcək”, – deyə ekspert qeyd edib.

Ruslan Saralinov sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Qırğızıstana səfəri və müttəfiqlik müqaviləsinin imzalanması Azərbaycan–Qırğızıstan münasibətlərinə uzunmüddətli strateji xarakter qazandıracaq.

“Bu səfəri və əldə olunan razılaşmaları ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirəcək strateji hadisə kimi qiymətləndirirəm. Hesab edirəm ki, qarşıdakı dövrdə qarşılıqlı ticarət dövriyyəsi artacaq, investisiya əməkdaşlığı daha da genişlənəcək, nəqliyyat kommunikasiyaları inkişaf edəcək və Azərbaycan ilə Qırğızıstan yeni Avrasiya əməkdaşlıq məkanının formalaşmasında daha mühüm rol oynayacaqlar. Bu məkan qarşılıqlı etimada, praqmatik yanaşmaya və ortaq maraqlara əsaslanacaq”, – deyə qırğız ekspert əlavə edib.