Qlobal nəqliyyat marşrutlarının yenidən qurulmasından sonra Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əhəmiyyət daha da artır. Bu konfiqurasiyada Azərbaycan Mərkəzi Asiya, Türkiyə və Avropa arasında strateji körpüyə, Qırğızıstan isə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi sayəsində mühüm şərq qovşağına çevrilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında qırğız politoloqu Mars Sariyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Çolpon-Ata şəhərində keçirilən qeyri-rəsmi görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu gün artıq Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən yeni Avrasiya makroregionunun formalaşmasından danışmaq mümkündür. Bu, sadəcə siyasi bəyannamə deyil, qlobal logistika, enerji axınları və beynəlxalq təhlükəsizlik sistemindəki dəyişikliklərlə idarə olunan obyektiv geoiqtisadi reallıqdır.
Qırğız politoloq əlavə edib: “Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Əfqanıstanı inkişaf etməkdə olan makroregionun bir hissəsi kimi nəzərdən keçirmək təklifi mühüm addım idi. Əslində, bu, Əfqanıstanın təhdid mənbəyindən tədricən Mərkəzi və Cənubi Asiya arasında nəqliyyat körpüsünə çevrilməli olduğu yeni strategiyanı təmsil edir. Bu təşəbbüs həyata keçirilərsə, yeni makroregion bir neçə strateji istiqamətə - Azərbaycan vasitəsilə Qara dənizə, Türkiyəyə və Avropaya, Əfqanıstan vasitəsilə isə Pakistana, Hindistana və Hind okeanının limanlarına çıxış əldə edəcək”.
Politoloqun sözlərinə görə, bütün bu amillər vahid təhlükəsizlik, ticarət, logistika, energetika və investisiya məkanı formalaşdırır.
Mars Sariyev açıqlamasının sonunda vurğulayıb: “Mərkəzi Asiya liderlərinin müntəzəm görüşləri, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının inkişafı, nəqliyyat layihələrinin həyata keçirilməsi və ŞƏT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi yeni Avrasiya arxitekturasının formalaşması üzrə vahid prosesin bir hissəsidir. Beynəlxalq vəziyyətdəki kəskin dəyişiklik bu prosesi xüsusilə təcili edir. Yaxın Şərqdəki böhranın nəticələri Xəzər bölgəsinə də təsir göstərir, Əfqanıstanda gərginlik davam edir və beynəlxalq nəqliyyat dəhlizlərinin qorunmasının əhəmiyyəti artır. Belə olan şəraitdə Mərkəzi Asiya və Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi ortaq məqsədə çevrilir”.