Azərbaycan və Ukrayna XİN başçıları ölkələrin strateji tərəfdaşlığını müzakirə ediblər (FOTO) (YENİLƏNİB)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə geniş tərkibdə görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenskinin əldə etdikləri razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib.

Nazirlər Azərbaycan-Ukrayna strateji tərəfdaşlığı, ticarət, energetika, investisiya, nəqliyyat, humanitar və çoxtərəfli əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tərəflər yüksək səviyyəli təmasların müntəzəm davam etdirilməsinin vacibliyini vurğulayıb, siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Biznes Şurası kimi ikitərəfli mexanizmlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.

Görüşdə Ukraynada davam edən müharibə fonunda regional proseslər və beynəlxalq çağırışlar ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüquqa ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bir daha vurğulayıb. O, Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyini təsdiqləyib.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha isə Qara və Azov dənizlərində davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə əlaqədar dərin hüznlə başsağlığı verib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı çatdırıb, yaralananlara isə tezliklə şəfa arzulayıb.

Nazirlər həmçinin Azərbaycanın 50 milyon ABŞ dollarından artıq humanitar yardımı, İrpendə həyata keçirilən bərpa layihələri və ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını yüksək qiymətləndiriblər.

Görüş zamanı Ceyhun Bayramov həmkarını Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə də məlumatlandırıb.

xxx

15:18

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Ukraynadakı diplomatik missiyasının fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, nazirə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəliyinin (komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərə dair arxiv materialları təqdim edilib.

Qeyd olunub ki, nümayiş etdirilən materiallar arasında tarixi sənədlər, rəsmi yazışmalar, həmçinin həmin dövrdə Azərbaycan və Qafqazla bağlı hazırlanmış hesabatlar yer alıb.

xxx

12:48

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andriy Sibiha ilə görüşünün yekunlarına dair paylaşım edib.

C.Bayramov bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Kiyevə rəsmi səfərim çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə görüşməkdən məmnun oldum.

Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının gücləndirilməsi istiqamətində məhsuldar müzakirələr apardıq. Siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apardıq.

Ölkələrimizi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq əlaqələri birləşdirir”, - paylaşımda qeyd olunub.

xxx
11:20

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə təkbətək görüşü başlayıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüş Ukrayna Xarici İşlər Nazirliyində keçirilir.

xxx
11:04

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyində rəsmi qarşılanma mərasimində iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Məlumata görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha nazirlikdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb.

Bildirilib ki, rəsmi qarşılama mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir. Səfər çərçivəsində onun ukraynalı həmkarı Andriy Sibiha ilə görüşü və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulur.

xxx
10:46

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Andriy Sıbiha ilə birlikdə Ukraynanın həlak olmuş müdafiəçilərinin xatirəsini yad edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Məlumata görə, nazirlər Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak Olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edərək abidə önünə əklil qoyublar və ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir. Səfər çərçivəsində onun ukraynalı həmkarı Andriy Sibiha ilə görüşü və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulur.

xxx
08:40

Avqustun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə qarşılayıb.

Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha və digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.