Xəzər İbrahim: Çolpon-Ata sammiti Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yeni imkanlar açır

İyulun sonunda Çolpon-Atada (Qırğızıstan) keçirilən sammit Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirib.

"Report"un "Caspian Policy Center"ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim sammitin yekunlarına və region ölkələri arasında gələcək əməkdaşlığın perspektivlərinə həsr olunmuş "Dialoqdan reallaşdırmaya: Çolpon-Ata sammiti və Transxəzər əməkdaşlığı üzrə gələcək addımlar" adlı dəyirmi masada çıxışı zamanı bildirib.

"Çolpon-Atanın mesajı ondan ibarətdir ki, biz nəhayət, bir bütöv olduq. Hamımız birlikdəyik", - Xəzər İbrahim bildirib.

Bu əməkdaşlığın əhəmiyyətindən danışan X.İbrahim qeyd edib ki, Azərbaycanın iştirakı Xəzər dənizinin şərq və qərb sahillərini birləşdirməyə imkan verir.

"İndi Azərbaycanın iştirakı ilə Xəzər dənizi həm şərq, həm də qərb sahilini birləşdirir. Bu, təkcə yeni imkanlar deyil, həm də praktiki nəticələr gətirəcək", - səfir əlavə edib.

Qeyd edək ki, iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.