Nigar Arpadarai: Dünyanın bütün ölkələrini bir araya gətirən yeganə birləşdirici gündəm iqlim gündəliyidir

Dəyişən geosiyasi mənzərənin beynəlxalq iqlim əməkdaşlığına və ümumilikdə dünyada iqlimlə bağlı vəziyyətə təsiri var. İnsanlığın heç vaxt olmadığı qədər bir-birinə bağlı olduğu və eyni zamanda, bəşəriyyəti dəyişdirmək, yaxud məhv etmək baxımından daha böyük potensiala malik texnologiyalara sahib olduğu bir dövrdə fundamental bir həqiqəti xatırlayırıq: qlobal çağırışları təkbaşına həll edə bilmərik. Düşünürəm ki, iqlim gündəliyi bu baxımdan böyük potensiala malikdir. Çünki bütün regionları, dünyanın bütün ölkələrini bir araya gətirən yeganə birləşdirici gündəm məhz iqlim gündəliyidir. Buna görə də bu mesajı daha güclü şəkildə irəli aparmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu COP29-un yüksək səviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi" mövzusunda dəyirmi masada çıxış edərkən deyib.

“COP29-da biz maliyyələşdirmə məsələsində mühüm nəticə əldə etdik və Bakıda baş vermiş bu tarixi qərarla maliyyə öhdəliyi təmin olundu. Amma əmin olmalıyıq ki, iqlim fəaliyyəti və iqlim prosesi insanların həyat keyfiyyətinə mənfi təsir göstərmir, əksinə, onu yaxşılaşdırır. Əminəm ki, biz tarazlıq tapacaq və iqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan səmərəli şəkildə istifadə edə biləcəyik", - deyə o əlavə edib.