TRIPP layihəsi üzrə fiziki işlərin 2027-ci ildə başlanması gözlənilir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, TRIPP layihəsinin Ermənistan ərazisindən keçən və təxminən 40 kilometr uzunluğunda olan hissəsi ilə bağlı əsas danışıqlar ABŞ və Ermənistan arasında aparılır.
“Bilirsiniz ki, əsas danışıqlar ABŞ ilə Ermənistan arasında keçirilir. Çünki TRIPP layihəsinin dəhlizə aid olan hissəsi – təxminən 40 kilometr ərazi – Ermənistan ərazisidir. Bu səbəbdən burada əsas danışıqlar tərəfləri ABŞ və Ermənistandır”, - deyə C.Bayramov qeyd edib.
Onun sözlərinə görə, ABŞ-dən olan tərəfdaşlar mütəmadi olaraq Azərbaycan tərəfini danışıqların və işlərin gedişatı barədə məlumatlandırırlar.
“Bu da çox təbiidir. Çünki layihənin həm giriş, həm də çıxış nöqtələri Azərbaycanın sərhədləridir. Azərbaycanın bilavasitə iştirakı olmadan bu layihənin həyata keçirilməsi mümkün görünmür”, - deyə nazir vurğulayıb.
C.Bayramov bildirib ki, layihənin maliyyələşmə mexanizminin formalaşdırılması, potensial investorların, o cümlədən ABŞ-dən olan investorların maliyyə vəsaitlərinin cəlb edilməsinə dair niyyəti və digər razılaşmaların həyata keçirilməsi müəyyən vaxt tələb edir.
“Bizə verilən məlumatlar ondan ibarətdir ki, bu işlər və danışıqlar uğurla davam etdirilir. Əvvəlki məlumatlarda fiziki işlərin daha tez başlanmasının ehtimal olunduğu bildirilirdi. Hazırda isə yeni ictimai bəyanatlar çərçivəsində fiziki işlərin başlanmasının 2027-ci ilə keçirilməsi gözlənilir”, - deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan TRIPP layihəsinin mümkün qədər tez həyata keçirilməsində maraqlıdır.
“Bizim yanaşmamız ondan ibarətdir ki, bu layihə nə qədər tez icra olunarsa, bir o qədər yaxşıdır. Bunun həm Azərbaycan, həm Ermənistan, həm də daha geniş coğrafiyanı əhatə edən digər region ölkələri üçün çoxsaylı faydaları var”, - deyə C.Bayramov əlavə edib.
Nazirin sözlərinə görə, Azərbaycan öz üzərinə düşən işləri ölkənin əsas ərazisində dəmir yolu və avtomobil magistralı üzrə Ermənistan sərhədi istiqamətində davam etdirir.
“Azərbaycan Respublikası öz üzərinə düşən işləri əsas ərazisində həm dəmir yolu, həm də avtomobil yolu magistralı üzrə Ermənistan sərhədi istiqamətində davam etdirir. İşlərin 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır”, - deyə nazir bildirib.
C.Bayramov Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xəttinin bərpası istiqamətində də işlərin başladığını diqqətə çatdırıb.
“Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ərazisində dəmir yolu xəttinin bərpa edilməsi istiqamətində artıq cənab Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq işlərə başlanılıb”, - deyə o qeyd edib.
Nazir bildirib ki, layihədə iştirak etməkdə maraqlı olan beynəlxalq tərəfdaşlar da mövcuddur.
“Onlarla da danışıqlar gedir. Bu danışıqların nəticəsini gözləmədən Azərbaycan tərəfi öz işlərini davam etdirir. Biz çox sürətlə irəliləyirik. Bu da bir daha bizim belə önəmli regional layihəyə yanaşmamızın əyani göstəricisidir”, - deyə C.Bayramov vurğulayıb.