Peruda nəşr olunan “Opinion” qəzetində Rikardo Sançes Serranın “Torre Tagleyə xatırlatmaq” adlı məqaləsi dərc olunub. Məqalədə Perunun xarici siyasətinin yenidən nəzərdən keçirilməsinin vacibliyi vurğulanır. Yazıda xüsusilə Azərbaycanla münasibətlər və Perunun Bakıdakı səfirliyinin yenidən açılması məsələsi ön plana çəkilir.
AZƏRTAC xəbər verir ki, məqalə müəllifi Azərbaycanın beynəlxalq sistemdə periferik ölkə olmadığını, enerji gücü və Cənubi Qafqazın mühüm geosiyasi aktoru kimi Avropa, Asiya, Rusiya və Türkiyənin maraqlarının kəsişdiyi strateji məkanda yerləşdiyini qeyd edir. Azərbaycanın iqtisadi və investisiya potensialına da xüsusi diqqət yetirilir.
Yazıda vurğulanır ki, diplomatiya mövcud imkanları müşayiət etməli, asanlaşdırmalı və yeni iqtisadi əlaqələrin yaranmasına şərait yaratmalıdır. Bu baxımdan Azərbaycanla münasibətlərin yenidən canlandırılması Peru üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli ola bilər.
Məqalədə əsas mesajlardan biri Bakının Perunun xarici siyasətinin prioritet xəritəsində yer almasıdır. Bu baxımdan, Bakıda Peru səfirliyinin yenidən açılmasının vacibliyi xüsusi vurğulanır. Müəllif Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyinin, enerji imkanlarının və beynəlxalq investisiya fəaliyyətinin Peru diplomatiyası üçün nəzərə alınmalı amillər olduğunu bildirir.
“Opinion” qəzetindəki yazıda Azərbaycanla yanaşı Mərakeş, Braziliya və Rusiya ilə münasibətlər də Perunun daha praqmatik və milli maraqlara əsaslanan xarici siyasətinin mühüm istiqamətləri kimi təqdim olunur.