UNESCO xəbərdarlıq edir: Dünyada məktəblərə hücumlar 2025-ci ildə 33 faiz artıb

Münaqişə bölgələrində məktəblərin hədəfə alınması artır. UNESCO-nun məlumatına görə, 2025-ci ildə dünyada təhsil müəssisələrinə qarşı 1680 hücum qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə 33 faiz artım deməkdir.

AZƏRTAC xəbər verir ki, UNESCO yaydığı açıqlamada vəziyyətdən ciddi narahatlığını ifadə edib və təhsilin daha güclü şəkildə qorunmasına çağırıb.

Təşkilat mümkün olduğu hallarda məktəblərə qarşı dövlətlər və ya qeyri-dövlət silahlı qrupları tərəfindən törədilən hücumları qeydə alır. Sülh şəraitində olan ölkələrdə ayrı-ayrı şəxslərin odlu silah və ya bıçaqla törətdiyi hücumlar isə statistikaya daxil edilmir. 2024-cü ildə dünyada məktəblərə qarşı 1265 hücum qeydə alınıb.

UNESCO bütün münaqişə tərəflərini beynəlxalq hüquq çərçivəsində üzərlərinə düşən öhdəliklərə əməl etməyə çağıraraq, hər kəsin dünyanın istənilən yerində təhlükəsiz və ləyaqətli şəraitdə təhsil ala bilməsinin təmin edilməsinin vacibliyini vurğulayıb.

BMT qurumu bildirir ki, münaqişə və böhranlardan zərər çəkən 20-dən çox ölkədə tərəfdaşları ilə birlikdə məktəblilərin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Bu tədbirlər arasında Ukraynada məktəblərdə qoruyucu sığınacaqların yaradılması, Livanda didərgin düşmüş uşaqlara psixososial dəstəyin göstərilməsi, həmçinin Qəzzada müvəqqəti təhsil məkanları və virtual kampus vasitəsilə şagirdlərin təhsillərini davam etdirməsinə yardım göstərilməsi yer alır.