Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi icmasını Roş ha-Şana bayramı münasibətilə təbrik etməsi Azərbaycanın multikulturalizm və dinlərarası həmrəylik prinsiplərinə əsaslanan dövlət siyasətinin davamlılığını nümayiş etdirir. Bu diqqət yəhudi icması üçün dərin mənəvi əhəmiyyət daşımaqla yanaşı, yəhudilərin Azərbaycan cəmiyyətinin ayrılmaz və bərabərhüquqlu hissəsi olduğunu bir daha təsdiqləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında israilli politoloq, İsrail-Azərbaycan “Azİz” Beynəlxalq Assosiasiyasının III prezidenti Lev Spivak deyib.
O bildirib ki, Prezidentin təbriki Azərbaycanda yaşayan yəhudi icması üçün mühüm mənəvi məna daşıyır. “Bu münasibət yalnız Azərbaycanda yaşayan yəhudilər üçün deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan və Azərbaycandan çıxmış geniş yəhudi icması üçün əhəmiyyətlidir. Həmin insanlar tarixi vətənləri ilə dərin mənəvi və mədəni bağlarını qoruyub saxlayırlar. Qlobal kontekstdə, dünyanın müxtəlif regionlarında gərginliyin və dözümsüzlük hallarının artdığı bir şəraitdə Azərbaycanın təcrübəsi müxtəlif xalqların və dini konfessiyaların dinc yanaşı yaşamasının mümkün olduğunu nümayiş etdirən real modeldir. Bu, beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm mesajdır. Tarixən formalaşmış mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələri sabit və inklüziv cəmiyyət üçün möhkəm təməl ola bilər”, - deyə israilli politoloq vurğulayıb.