Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Qarabağ küçəsi və “Sadıqcanın evi” ilə tanış olublar.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyətinə ərazinin tarixi və burada aparılan bərpa-konservasiya işləri barədə məlumat verilib.
Bildirilib ki, ərazidə Şuşanın tarixi məhəllələrindən biri olan Mərdinli məhəlləsi yerləşir. Tarixi məlumatlara əsasən, vaxtilə Mərdinli kəndindən köçərək Şuşada məskunlaşan sakinlərin adı ilə məhəllə Mərdinli adlandırılıb. Vaxtilə burada məscid də fəaliyyət göstərib.
Qeyd olunub ki, məhəllədə bərpaya ehtiyacı olan 7-8 tarixi abidə mövcuddur. İşğal dövründə həmin tarixi evlərə ciddi ziyan dəyib.
Hazırda tarixi abidələrin qorunması və konservasiyası istiqamətində layihələr həyata keçirilir. Eyni zamanda, bəzi tarixi binalar tam bərpa olunub.
16:41
xxx
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərində iştirak edən nümayəndələri Şuşada inşası davam etdirilən Yeni Şuşa məscidi ilə tanış olublar.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyətinə məsciddə həyata keçirilən tikinti işləri və layihənin icra vəziyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən, ümumilikdə 150 nəfərdən ibarət heyət iştirak edir.