Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir - ŞƏRH

Vətən müharibəsində qazandığımız tarixi Zəfər, xalqımızın nümayiş etdirdiyi qəhrəmanlıq və birlik, sözün əsl mənasında, bütün dünyanı heyrətə saldı. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna əks-hücumla bağlı verdiyi əmr xalqımız tərəfindən böyük sevinclə qarşılandı. Həmin tarixi günlərdə hər bir vətəndaşımız Prezidentimizin ətrafında sıx birləşərək Vətən uğrunda mübarizəyə öz dəstəyini verdi. Nəticədə torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O bildirib ki, Zəfərdən dərhal sonra qarşıda yeni və böyük bir vəzifə dayanırdı – 30 illik erməni işğalı nəticəsində talan edilmiş və viran qoyulmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması. Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanıldı. Bu istiqamətdə də xalqımız Prezident İlham Əliyevin ətrafında səfərbər olaraq dövlətimizin həyata keçirdiyi siyasətə öz dəstəyini verdi.

Bu gün həmin torpaqlarda aparılan işlərin miqyası Azərbaycanın qarşıya qoyduğu məqsədlərin nə qədər böyük olduğunu göstərir. İşğaldan azad olunmuş şəhər və kəndlər müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə yenidən qurulur. Yeni hava limanları tikilərək istifadəyə verilir, dünya standartlarına cavab verən avtomobil yolları çəkilir, mürəkkəb coğrafi relyefə malik ərazilərdə tunellər inşa olunur. Ən müasir xəstəxanaların və məktəblərin tikilməsi, doğma yurdlarına qayıdan soydaşlarımızın rahat və müasir ev və mənzillərlə təmin edilməsi bu böyük quruculuq prosesinin əsas istiqamətlərindəndir.

"Bununla yanaşı, azad edilmiş ərazilərdə əhalinin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılır. Sənaye və Aqroparkların yaradılması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının üzə çıxarılmasına, yeni iş yerlərinin yaradılmasına və həmin ərazilərin dayanıqlı inkişafına mühüm töhfə verir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri xarici ölkələrin nümayəndələrinin də diqqətini cəlb edir. Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirləri və diplomatları bu ərazilərə səfərləri zamanı görülən işlərin miqyasını öz gözləri ilə müşahidə edir və heyrətlərini gizlətmirlər.

Ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Sayca 22-ci dəfə təşkil olunan bu səfər çərçivəsində xarici diplomatlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə yaxından tanış oldular, həmçinin tarixi, mədəni və dini abidələri ziyarət etdilər.

Diplomatların Ağdərə rayonu ərazisində yerləşən Gəncəsər Monastır Kompleksinə və Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng Monastır Kompleksinə səfəri də xüsusi diqqət çəkdi. Qonaqları müşayiət edən Prezidentin köməkçisi Hikmət Hacıyev bu komplekslərin Azərbaycan xalqına, bu torpaqlarda mövcud olmuş Alban dövlətinə məxsus tarixi və dini abidələr olması barədə ətraflı məlumat verdi.

Erməni işğalı dövründə bu tarixi abidələrin də saxtalaşdırılmasına cəhd göstərilmişdi. Lakin tarixi sənədlər və daş kitabələr bu abidələrin Azərbaycan ərazisində mövcud olmuş qədim Alban dövləti tərəfindən yaradıldığını göstərir və onların erməni kilsələrinə aidiyyəti olmadığını təsdiqləyir. Bu baxımdan xarici diplomatların həmin abidələri yerində görməsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Səfərin ən diqqətçəkən məqamlarından biri isə Qarabağ və Şərqi Zəngəzura səfər edən nümayəndə heyətində Fransa və ABŞ səfir və diplomatlarının da yer alması idi. Bu fakt xüsusi əhəmiyyət daşıyır. Çünki uzun illər ermənilərin işğal siyasətini dəstəkləyən Fransa da artıq bölgədə Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətindədir",- deyə K.Əliyeva vurğulayıb.

Professor əlavə edib ki, xarici diplomatların azad edilmiş ərazilərə səfərləri təkcə quruculuq işləri ilə tanışlıq baxımından əhəmiyyət daşımır. Bu səfərlər Azərbaycan həqiqətlərinin yerində görülməsi, işğalın ağır nəticələrinin şahidi olunması və ölkəmizin qısa müddət ərzində həyata keçirdiyi möhtəşəm bərpa prosesinin nümayiş etdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Qarabağ və Şərqi Zəngəzura səfər edən səfir və diplomatlar bir daha Azərbaycanın iqtisadi baxımdan qüdrətli dövlət, Azərbaycan xalqının isə qurub-yaradan və sülhsevər xalq olduğunun şahidi oldular. Bu gün həmin ərazilərdə görülən işlər Azərbaycanın Zəfərinin yalnız hərbi deyil, həm də quruculuq və inkişaf mərhələsinin başlanğıcı olduğunu nümayiş etdirir.

Vətən müharibəsində əldə edilən tarixi Qələbə ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri həmin Zəfərin nəticələrini real və dayanıqlı inkişafla möhkəmləndirir. Xarici diplomatların bu proseslə yerində tanış olması isə Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə daha aydın görünməsinə imkan verir.