TDT Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Bakı Bəyənnaməsi qəbul edilib

Sentyabrın 14-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri şurasının 7-ci görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Bəyannamədə türk dövlətləri və xalqları arasında həmrəyliyin gücləndirilməsi, Türk-İslam mənəvi və mədəni dəyərlərinin təşviqi, dini təhsil və elmi əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin maarifləndirilməsi ilə bağlı bir sıra mühüm müddəalar əksini tapıb.

Sənəddə terrorizm, ekstremizm, separatizm, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik və nifrət çağırışlarına qarşı birgə mübarizənin davam etdiriləcəyi bildirilib. Qadın və uşaq hüquqlarının müdafiəsi, dini ədəbiyyatın tərcüməsi, ortaq fətvaların hazırlanması və Türk dünyasının tarixi irsinin təbliği də prioritet istiqamətlər kimi qeyd olunub.

Bəyannamədə 3 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhərində imzalanmış Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının yaradılması haqqında Sazişin məqsəd və prinsipləri, habelə TDT sammitlərinin bəyannamələri və digər sənədləri rəhbər tutulub.

Dini liderlər 7-ci Görüşün təşkilinə və keçirilməsinə göstərdiyi ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. TDT-yə üzv dövlət başçılarının sammitləri zamanı türk dünyasında əməkdaşlığın dərinləşdirilməsi və zənginləşdirilməsi, TDT çərçivəsində türkdilli dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsinə sarsılmaz sadiqlik alqışlanıb.

Bəyannamədə dünyanın müxtəlif bölgələrində baş verən müharibələr və qarşıdurmalar ilə əlaqədar fəlakətli proseslərdən dərin narahatlıq ifadə edilib. Qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, torpaqların deqradasiyası, meşə yanğınları, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığıilə bağlı dərin narahatlıq bildirilib.

Qeyd olunub ki, Şura öz fəaliyyətini Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və səmərəliliyi üçün müvafiq birgə layihələr hazırlamağa yönəldir, milli və dini əlamətdar günlərin, xüsusilə Ramazan və Qurban bayramlarının ilkin tarixlərinin spesifik xüsusiyyətlər nəzərə alınaraq birgə müəyyənləşdirilməsi, başlıcası isə, mötədil islam və məzhəblərlərarası anlaşma prinsiplərinə xidmət edən ortaq fətvaların işlənib hazırlanması işlərini davam etdirir.

 

Şura həmçinin İnsan Hüquqları Ümumi Bəyannaməsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, insan hüququları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində əməkdaşlıq edərək Türk-İslam mənəvi-əxlaqi dəyərlərinə uyğun olaraq qadınlar, gənclər və uşaqlar arasında dini-tərbiyəvi əhəmiyyətli tədbirlər keçirməyə, bu sahədə qarşılıqlı mübadilələr aparmağa, qadınların və gənc nəslin dövrün tələblərinə uyğun olaraq dini sahədə maarifləndirilməsi üçün şərait yaratmağa çalışır.

Türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilə hallarının, zərərli təbliğatın, sektantlığın və hər hansı ideoloji təxribatların qarşısının alınması üçün birgə səylərini davam etdirdiyi bildirilib.

Vurğulanıb ki, türk dünyasının tarixinin öyrənilməsi və gənc nəsillərə aşılanması sahəsində əməkdaşlığı təşviq edir, habelə TDT-yə üzv olan ölkələrdə dini və tarixi yerlərinin birgə ziyarət olunması və turların təşkili, onların beynəlxalq səviyyədə təbliğinə çalışılır.

TDT-nin Baş katibi səfir Kubanıçbek Ömuralıyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının fəaliyyətinə verdiyi dəyərli töhfə yüksək qiymətləndirilib, onun səlahiyyət müddətinin başa çatması nəzərə alınaraq, gələcək fəaliyyətində ona uğurlar arzulanıb.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir.

Görüşdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərləri Şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak edirlər.

Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.