Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Anadolu Agentliyinin (AA) məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyindən olan mənbələrə istinadən verdiyi məlumata görə, Hakan Fidan sentyabrın 15-16-da Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər keçirəcək, həmçinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək.

Agentliyin yazdığına görə, görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində 15 milyard dollarlıq ümumi ticarət dövriyyəsi hədəfinə çatmaq üçün görüləcək işlər, enerji və nəqliyyat sahələrinə dair məsələlər və layihələr müzakirə ediləcək.

Nazir Fidanın görüşlər zamanı iki müttəfiq ölkə arasında müdafiə sənayesi, təhlükəsizlik və hərbi sahələrdə davam edən əməkdaşlıqla bağlı məsələləri nəzərdən keçirməsi, həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) başda olmaqla, iki ölkə arasında çoxtərəfli platformalarda mövcud əməkdaşlığı qiymətləndirməsi gözlənilir.

Görüşlərdə eyni zamanda türkiyəli XİN rəhbərinin Türkiyənin yaxın zamanda ev sahibliyi edəcəyi TDT-nin 13-cü Zirvə görüşü və COP31 ilə bağlı məsləhətləşmələr aparması nəzərdə tutulur.