Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.
TÜRKPA-dan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Ramil Həsən Assambleyanın son bir ildəki fəaliyyəti və Plenar iclasa hazırlıq, ortaq parlament strategiyasının hazırlanması, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin üzv dövlətlərin Xarici İşlər nazirlikləri ilə mütəmadi təmasların faydası və əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu bildirib.
Nazir Hakan Fidan Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən bundan sonra da TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək veriləcəyini diqqətə çatdırıb.