QMİ sədri: İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb

Bu gün Qarabağda dirçəliş, qayıdış var. Ancaq işğal dövründə buradakı bütün evlər dağıdılmış, insanlar öz dədə-baba torpaqlarından didərgin düşmüşdülər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda deyib.

O vurğulayıb ki, işğal dövründə ermənilər Ağdam məscidinin minarələrindən hərbi məqsədlə istifadə ediblər: “Təəssüf ki, işğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb, Ağdam məscidində isə donuz saxlanılıb. Hətta məscidin divarlarına İslama qarşı yazılar yazılıb. Bu, yalnız Azərbaycan müsəlmanlarına deyil, bütün dünya müsəlmanlarına qarşı təhqirdir”.

Şeyxülislam əlavə edib ki, hazırda dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağa yenidən həyat qayıdır, dağıdılan yerlər yenidən qurulur, məscidlər bərpa edilir və tikilir.