Orta Dəhlizin potensialından tam istifadə üçün TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının uyğunlaşdırılması və sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı nümayəndəliyinin rəhbəri Balazs Hendrich “Orta Dəhliz regional inteqrasiya və infrastruktur yönümlü inkişaf üçün katalizator kimi” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu istiqamətdə əsas məqsədlər sərhədkeçmə proseslərinin sürətləndirilməsi, regional bağlantıların gücləndirilməsi, həmçinin fiziki və rəqəmsal nəqliyyat infrastrukturunun əlaqələndirilməsidir.
Balazs Hendrich bildirib ki, ölkələr üzrə sənədləşmə, sərhəd nəzarəti, tranzit rüsumları və digər prosedurların fərqlənməsi yüklərin daşınma müddətini artırır və biznes üçün əlavə çətinliklər yaradır. Onun sözlərinə görə, bu maneələrin aradan qaldırılması TDT çərçivəsində prioritet istiqamətlərdəndir və təşkilatın koordinasiyası ilə milli qurumlar arasında əməkdaşlıq həyata keçirilir.
TDT rəsmisi gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradıldığını da diqqətə çatdırıb.