Rəqəmsal texnologiyalardan istifadə etməklə törədilən yeni dələduzluq üsullarının qanunvericilikdə daha dəqiq əks olunmasına ehtiyac var.
"Report"un məlumatına görə, bunu deputat Səbinə Salmanova Milli Məcliin bu gün keçirilən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deyib.
O xatırladıb ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluğu ümumi formada tənzimləyir:
"Bu gün həmin çağırışlar sırasında kibertəhlükəsizlik və kibermühitdə törədilən cinayətlər xüsusi yer tutur. Son dövrlərdə vətəndaşların üzləşdiyi ciddi problemlərdən biri də kiberdələduzluqdur. Xüsusilə insanların bank kartları, elektron hesabları və şəxsi məlumatlarının müxtəlif rəqəmsal üsullarla ələ keçirilməsi cəmiyyət tərəfindən ciddi narahatlıq doğurur".
S. Salmanova 178-ci maddəyə elektron informasiya sistemlərindən və rəqəmsal texnologiyalardan istifadə etməklə dələduzluq törədilməsini ayrıca hal kimi müəyyən edən müddəanın əlavə edilməsini təklif edib.
"Burada saxta bank əməkdaşı kimi təqdim olunmaq, elektron ödəniş vasitəsilə vəsait mənimsəmək, həmçinin süni intellektlə hazırlanmış saxta səs və görüntülərdən istifadə etməklə şəxsi aldatmaq kimi və sairə hallar nəzərdə tutula bilər".
Onun fikrincə, eyni zamanda, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının, bank və ödəniş sektorunun nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsini və mövcud hüquqi mexanizmlərin təhlil edilməsi parlamentin iş planına daxil edilə bilər.