Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi" mövzusunda keçiriIən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində yaranan hər bir dövlət milli kimlikdə iz qoyub:
"Azərbaycan ərazisində bir sıra dövlətlər olub və hər bir dövlət bizim dövlətçiliyimizdə, bizim milli kimliyimizdə müəyyən bir iz qoyub. Bu məsələlər hər tərəfli araşdırılmalıdır, bununla bağlı işlər gedir, kitablar tərcümə olunur və sair. Amma təcrübə göstərir ki, burda hər hansı bir boşluq yarananda bundan istifadə edirlər".
Fərid Şəfiyev əlavə edib ki, diplomatların sonuncu Qarabağ səfərindən sonra bəzi erməni radikalları Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən "albanlaşdırıldığını" iddia edirlər:
"Lakin bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir. Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək istəyirlər. Yəni onu tamamilə erməniləşdirmək istəyirlər. Məqsəd ondan ibarətdir ki, onlar demək istəyirlər ki, burada böyük Ermənistan olub. Qafqaz Albaniyasının tarixi bu Böyük Ermənistan ideyasını müəyyən dərəcədə darmadağın edir. Bunu görür və qəbul etmək istəmirlər".