Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi”.
Prezident, həmçinin əlavə edib ki, sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı.
Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.