Sentyabrın 22-də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə görüşüb.
General-polkovnik Kərim Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.
Görüş zamanı tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə və ordular arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Tərəflər, həmçinin hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
