Fransa Azərbaycan tərəfindən Fransa vətəndaşı Martin Ryanın əfv olunması ilə bağlı qərarı yüksək qiymətləndirib.
Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
“Fransa həm Parisdə, həm də Bakıda bu müsbət nəticənin əldə olunması üçün yorulmadan çalışan bütün komandalara təşəkkür edir”, – deyə Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Qeyd edək ki, bu gün Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv edilib. Bu barədə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunub.
Xatırladaq ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.