Ukraynanın xarici işlər naziri Andrey Sibiqa BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar apardığını və ikitərəfli gərginliyin daha da artmasının qarşısını almaq üçün qarşılıqlı addımları müzakirə etdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Ukrayna diplomatiyasının rəhbəri “X” sosial media platformasında müzakirələrin iyul ayında son telefon danışığından sonra baş tutduğunu qeyd edib. Onun sözlərinə görə, iranlı həmkarı ilə görüşün məqsədi Tehranın Ukraynanı Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməkdə ittiham etməsi fonunda lazımsız eskalasiyadan qaçmaq olub. Ukraynalı nazir əlavə edib ki, Nyu-Yorkdakı müzakirələrdə iki ölkə arasında gərginliyin daha da artmasının qarşısını almaq üçün qarşılıqlı addımlar ətrafında fikir mübadiləsi aparılıb. O, mövcud rabitə kanallarını açıq saxlamaq barədə razılıq əldə olunduğunu, Yaxın Şərq və Avropadakı vəziyyət, eləcə də davam edən sülh səylərinin müxtəlif istiqamətləri barədə fikir mübadiləsi aparıldığını vurğulayıb. “Mən hər iki bölgədə sülhün və sabitliyin daha tez bərpa olunmasını dəstəkləmək üzrə Ukraynanın mövqeyini bir daha təsdiqlədim”, - deyə Sibiqa qeyd edib.
İyul ayında Tehranın Kiyevi Xəzər dənizində İran ticarət gəmisinə hücumda ittiham etməsindən bir neçə gün sonra Sibiqa ilə Əraqçi arasında telefon danışığı olmuşdu.