İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi anılıb.

Mərasimdə İstanbulun Kadıköy kaymakamı Muhittin Pamuk, İSTAD sədri Səfər Qaraqoyunlu və digərləri çıxış ediblər. Natiqlər Azərbaycanın müstəqillik uğrunda keçdiyi şanlı yol, tarixdən gələn Türkiyə-Azərbaycan qardaşlığı, hər iki ölkənin ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün xalqlarımızın azad, firavan yaşaması üçün göstərdikləri əvəzsiz xidmətləri, ölkələrimizin tarixi baxımından 2023-cü ilin əhəmiyyəti haqqında danışıblar.

Çıxışlarda ötən yüz ilin həm Azərbaycan, həm də Türkiyə üçün bütün çətinliklərə baxmayaraq, dirçəliş əsri kimi tarixə keçdiyi vurğulanıb.

Tədbir iki qardaş ölkənin milli musiqilərindən ibarət bədii hissə ilə davam etdirilib.

Gallery