BMT Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək.
Bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, BMT minatəmizləmə sahəsində Azərbaycanla daha fəal işləyəcək:
"BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS) Avropa İttifaqının maliyyə dəstəyi ilə ilk minadan təmizləmə proqramını həyata keçirmək üçün Azərbaycan hökuməti ilə danışıqların son mərhələsindədir. İnanırıq ki, bu hələ başlanğıcdır və daha da genişlənəcək".
O qeyd edib ki, bütün bu təşəbbüslərin artacağına və BMT-nin Qarabağda daha çox iş görməsi üçün daha çox imkanların yaranacağına böyük ümid bəsləyirlər:
"Çünki bu, gələcək illərdə də bizim üçün strateji prioritet olaraq qalacaq. Strateji baxımdan Birləşmiş Millətlər Təşkilatının Qarabağda və Şərqi Zəngəzurda daha fəal iştirak etməsinə ehtiyac olduğunu görürəm. Məhz bu səbəbdən, oktyabr ayında BMT olaraq Azərbaycan hökuməti ilə Qarabağda strateji dialoq keçirəcəyik. Tarixləri hələ də dəqiqləşdiririk, lakin düşünürəm ki, bu, Birləşmiş Millətlər Təşkilatı Gününə yaxın bir tarixdə olacaq və rəmzi məna kəsb edəcək.
Hökumətin Qarabağ və Şərqi Zəngəzur üzrə hansı prioritetlərə malik olduğunu və BMT olaraq buna necə dəstək verə biləcəyimizi anlamaq üçün bu strateji müzakirəyə başlayacağıq".
D.Şlapaçenko əlavə edib ki, Qarabağ Universitetində BMT üçün orada mühazirələr təşkil etmək və tələbələrə BMT-yə üzv dövlətlər tərəfindən dəstəklənən qlobal baxışımız haqqında məlumat vermək imkanları yarana bilər.