Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir çıxışında qlobal çağırışların mürəkkəbləşdiyi bir şəraitdə çoxtərəfli mexanizmlərin səmərəliliyinin artırılmasının, beynəlxalq nizama etimadın bərpasının və çoxtərəfliliyin konkret nəticələr verməsinin vacibliyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinin ardıcıl və qeyri-selektiv şəkildə tətbiqinə əsaslanan yenilənmiş və islahat aparılmış çoxtərəfli sistemin tərəfdarı olduğunu bildirib.
O, sülh və təhlükəsizlik, inkişaf, iqlim dayanıqlığı və humanitar fəaliyyət sahələrində üzv dövlətlər üçün konkret nəticələr verə bilən daha səmərəli BMT-yə ehtiyac olduğunu qeyd edib. Nazir həmçinin BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini vurğulayıb.
Ceyhun Bayramov Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın səylərindən danışaraq, bu səylərin beynəlxalq hüquqa, suveren bərabərliyə və dinc yanaşı yaşama prinsiplərinə əsaslandığını bildirib.
Nazir Azərbaycan-Ermənistan normallaşması prosesinə toxunaraq, ötən ilin avqustunda keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan nəticələri qeyd edib. O bildirib ki, sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalayıb, həmçinin Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişi paraflayıblar.
“Biz hazırda de-fakto sülhə nail olmuşuq”, - deyə Ceyhun Bayramov bildirib.
Nazir Azərbaycanın tranzit məhdudiyyətlərini birtərəfli qaydada ləğv etdiyini, Ermənistana və Ermənistandan malların daşınmasını asanlaşdırdığını, həmçinin iki ölkə arasında ikitərəfli ticarət əlaqələrinin qurulduğunu qeyd edib. O, Azərbaycanın beynəlxalq bazarlarda artan qeyri-sabitliyə və qlobal tələbatın artmasına baxmayaraq, Ermənistanı müntəzəm olaraq strateji əhəmiyyətli neft məhsulları ilə təmin etdiyini bildirib.
Ceyhun Bayramov normallaşma prosesinin yekunlaşdırılması üçün artıq paraflanmış ikitərəfli sazişin imzalanmasına imkan verəcək qalan maneənin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən də danışıb. O bildirib ki, “ağıllı şəhərlər” və “ağıllı kəndlər” yaradılır, yaşıl texnologiyalardan istifadə olunur və hazırda 90 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və işləyir.
Ceyhun Bayramov minalarla çirklənmənin bərpa və keçmiş məcburi köçkünlərin qayıdışı prosesinə ciddi maneə olaraq qaldığını bildirib. Onun sözlərinə görə, 2020-ci ildən ərazilərin işğaldan azad edilməsindən sonra qadın və uşaqlar da daxil olmaqla 400-dən çox insan mina qurbanına çevrilib, son 30 ildə mina qurbanlarının ümumi sayı isə 3500 nəfəri ötüb.
Azərbaycanın humanitar mina təmizlənməsini 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən elan etdiyini bildirən nazir, münaqişə nəticəsində itkin düşmüş təxminən 4000 azərbaycanlının taleyi və yerinin müəyyən edilməsinin də vacibliyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın beynəlxalq həmrəylik, mədəniyyətlərarası dialoq və çoxtərəfli əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərdən də bəhs edib.
O, Azərbaycanın COP29-a, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına uğurla ev sahibliyi etdiyini, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə nəticəyönümlü sədrliyini qeyd edib.
COP29-a toxunan nazir konfransın qlobal iqlim maliyyəsi hədəfinin üç dəfə artırılması, karbon bazarı mexanizmlərinə dair Paris Sazişinin 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi və İtki və Zərər Fondunu dəstəkləyən mexanizmlərin inkişaf etdirilməsi daxil olmaqla, bir sıra tarixi razılaşmalarla nəticələndiyini bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan bu ilin sentyabrında ilk dəfə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının İqlim Həftəsinə ev sahibliyi edib.
Nazir Azərbaycanın beynəlxalq yardım sahəsində fəaliyyətini də diqqətə çatdırıb. O bildirib ki, 2020-ci ildən bəri Azərbaycan 140-dan çox ölkəyə təxminən 400 milyon ABŞ dolları məbləğində humanitar, iqtisadi və texniki yardım göstərib.
Dayanıqlı inkişaf məsələlərinə toxunan Ceyhun Bayramov Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə sadiqliyini vurğulayıb. O qeyd edib ki, son iki onilliyə yaxın müddətdə Azərbaycanın ÜDM-i üç dəfə artıb, yoxsulluq səviyyəsi isə 49 faizdən təxminən 5 faizə enib.
Nazir Azərbaycanın ASAN və DOST modelləri əsasında şəffaf, əlçatan və vətəndaşyönümlü dövlət xidmətlərinin göstərilməsi sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını bildirib.
Ceyhun Bayramov həmçinin Xəzər dənizində suyun səviyyəsinin davamlı azalmasından narahatlığını ifadə edib və bunun bütün Xəzəryanı dövlətlərin qarşılaşdığı ortaq çağırış olduğunu qeyd edib.
Enerji təhlükəsizliyindən danışan nazir bildirib ki, yaxın gələcəkdə ənənəvi enerji resursları olmadan real inkişafı davam etdirmək mümkün deyil. O, enerji təhlükəsizliyinin sülh, regional bağlantılar və dayanıqlı iqtisadi inkişafla sıx əlaqəli olduğunu vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın 16 ölkəyə etibarlı təbii qaz tədarükçüsü olduğunu və Avropada enerji təhlükəsizliyinin gücləndirilməsi və təchizat marşrutlarının şaxələndirilməsində strateji rol oynadığını bildirib.
O qeyd edib ki, artıq imzalanmış sazişlər 2030-cu ilə qədər təxminən 6 QVt həcmində əlavə günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutur. 2030-cu ilədək Azərbaycanın elektrik enerjisinin təxminən 40 faizinin bərpa olunan enerji mənbələrindən əldə ediləcəyi gözlənilir.