Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər.
Bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.
“İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz doğrudan da qovşağıq. Bu, çox önəmli iki dəhlizdir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunur.