Azərbaycanda 2018–2026-cı illərdə həyata keçirilən beş sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev şənbə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Nazirin sözlərinə görə, islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib. Bu dövrdə minimum əməkhaqqı 3,8 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artaraq 2,1 milyard manata çatıb.
Anar Əliyev qeyd edib ki, əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,8 milyona yüksəlib. Nazirlik tərəfindən göstərilən 152 xidmətin 90 faizi elektronlaşdırılıb, 55 proaktiv xidmət istifadəyə verilib.
Nazir əmək bazarının tələblərinə uyğun kadr hazırlığından da danışıb. O bildirib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə 1700 peşə və kvalifikasiya standartı hazırlanıb. İşsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunur, bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil müəssisəsi ilə əməkdaşlıq edilir.
Anar Əliyevin sözlərinə görə, gələcəyin iş yerlərinin tələblərinə uyğun insan kapitalının formalaşdırılması üçün universitetlər, işəgötürənlər və dövlət qurumları arasında əməkdaşlıq gücləndirilməlidir.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunur.