Beynəlxalq münasibətlər sistemində son illərdə yaşanan hadisələr dövlətlərin gündəmində təhlükəsizlik, müdafiə, eləcə də, hərbi əməkdaşlıq məsələlərini aktullaşdırır. Bugünkü beynəxalq münasibətlərdə Türk Dövlətləri Təşkilatı (TDT) yüksəlişdə olan aktor kimi qarşımıza çıxır. Qlobal və regional güclərin xarici siyasətlərində, qabaqcıl media subyetklərində TDT və Türk dünyası məsələləri aktif bir şəkildə müzakirə edilir. Son illərdə Türk dövlətləri arasındakı münasibətlər bütün sahələrdə, həmçinin hərbi əməkdaşlıq istiqamətində inkişaf edir. Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimi Türk dünyasında hərbi əməkdaşlığın gücləndirilməsi baxımından çox önəmli yer tutur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankaranın Hacı Bayram Vəli Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı Vüsal Həsənzadə söyləyib.
O, Qarabağ Zəfərindən sonra Azərbaycanın Türküstan coğrafiyasındakı dövlətlərlə əlaqələrində dinamikanın çox uğurlu şəkildə inkişaf etdiyini bildirib: “Bununla yanaşı, Türk dövlətləri arasında inteqrasiya prossesinin güclənməsi və TDT-nin beynəlxalq aktor kimi hər keçən gün təsir imkanlarını genişləndirməsi də Türk dünyasının birliyinə böyük töhfə verməkdədir. Son illərdə dünyada baş verən müharibələrin həm regional, həm də qlobal təsirləri, şübhəsiz ki, Türk dövlətlərinə də öz təsirini göstərir. Bu müstəvidə Türk dövlətlərinin diplomatik əlaqələrdə birlikdə hərəkət etməsi tərəflər üçün müsbət nəticə gətirməklə bərabər, müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığın artmasını zərurətə çevirir.
“Azərbaycanın üç fərqli bölgəsində - Qarabağ, Naxçıvan və Xəzərdə davam edən hərbi təlimlər mühüm mesaj kimi qiymətləndirilməlidir. SSRİ-nin dağılmasından sonra Türk dünyasındakı inteqrasiya prossesinə ən böyük zərbə bir çox dövlətlərin dəstəyini alan Ermənistanın əzəli və əbədi Azərbaycan torpaqlarını işğal etməsi idi. Naxçıvan coğrafi olaraq Türkiyəni Türk dünyası ilə bağladığı üçün hər zaman strateji əhəmiyyət daşıyıb. Unutmayaq ki, Türkiyə Cumhuriyyəti qurucusu Mustafa Kamal Atatürk Naxçıvanı “Türk qapısı” adlandırmışdı. Bu gün Türk dünyasının ən önəmli beynəlxalq təşkilatı olan TDT də 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə yaranmışdı. Eyni zamanda, Naxçıvan həm Türk dünyası, həm də qlobal əlaqələrdə çox mühim rol oynama potensiyalına malik olan Zəngəzur dəhlizi layihəsində də ən strateji yerlərdən biridir. Xəzər dənizi də Türk dünyasını birbirinə bağlayan körpü kimi, hər zaman qlobal və regional güclərin maraq dairəsindədir. Nəticə etibarilə bu üç bölgədə üç qardaş türk dövlətinin hərbi təlimi həm Türk dünyasının birliyi üçün, həm də Türk dünyasına qarşı fəaliyyət aparan güclərə qarşı birlik mesajı daşımaqdadır”, - deyə V.Həsənzadə vurğulayıb.
O əlavə edib ki, Azərbaycan-Türkiyə-Özbəkistan hərbçilərinin həyata keçirdiyi təlimlər uzunmüddətli perspektivə əsaslanan dövlət layihəsidir.